Yayda virus bütün ölkəyə yayıla bilər – Nə təklif edilir?

ÖLKƏ
15:14 / 29.05.2020
1725

Azərbaycanda son günlər koronavirusa yoluxma halları sürətlə artır. Hətta statistikaya ölüm sayı da daxildir. Belə ki, mayın 28-də Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkədə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53-nün vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Həkimlər bildirirlər ki, yoluxmanın bu cür artması insanların karantin qaydalarına əməl etməməsindən qaynaqlanır. Xəstələrin müalicəsi ilə məşğul olan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Musavat.com-a açıqlamasında bildirib ki, əgər karantin qaydalarına bu cür əməl edilərsə, yoluxma sayı gündəlik 200-dən yuxarı olacaq. Həkim bildirib ki, yoluxanların əksəriyyətinin vəziyyəti yüngüldür. Lakin ağır durumda olanları da var.


Həkimlər hesab edirlər ki, indiki zamanda karantin rejimi sərtləşdirilməlidir. Lakin hələ ki, bu barədə qərar yoxdur və mayın 31-dən sonra karantin rejiminin bir qədər də yumşaldılması gözlənilir. Qorxulu olan isə odur ki, yumşalmadan sonra rayonlara gediş-gəliş bərpa ediləcək və Bakıda ölkənin bütün yerlərinə virus yayılacaq.

Artıq bəzi ölkələr karantin rejimini sərtləşdiriblər. Məsələn, Moskvada özünütəcrid rejiminin müddəti iyun ayının 14-dək uzadılıb. Bu barədə məlumat verən mer Sergey Sobyanin bildirib ki, karantin rejimi ilə bərabər, Moskvada xüsusi buraxılış və digər məhdudlaşdırıcı tədbirlərin də müddəti uzadılıb.

Misir hökumətinin mayın 28-də keçirilən iclasında isə baş nazir Mustafa Mədbuli COVID-19 virusunun sürətlə yayılmasının qarşısını almaq üçün karantin rejiminin daha 15 gün müddətinə sərtləşdiriləcəyini bildirib. Belə ki, Ramazan bayramından sonra insanların səhər saat 08:00-dan axşam 18:00-dək evdən çıxmalarına icazə veriləcək. Bundan başqa, tibbi maskalar taxmayanlara qarşı cərimələr tətbiq olunacaq. Hökumətin qərarında restoran, kafe, kazino, gecə klubları, barlar, ticarət mərkəzləri, əyləncə məkanları və mağazaların da iyunun 15-dək bağlı olacağı qeyd olunub.

Azərbaycanda isə maska taxmayanlara cərimə tətbiq edilmir. Bu baxımdan küçədə demək olar ki, kimsənin ağzında maska görmək olmur.

Vəziyyətlə bağlı narahatlığını bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla təklif edib ki, ölkədə karantin rejimi sərtləşdirilsin: “Təəssüf ki, bu gün ölkəmizdə karantin davranışları vətəndaşlarımız tərəfindən sözün həqiqi mənasında iqnor olunub.                              

Yoluxma dinamikasında nəzərə çarpan artım qeyd olunur, ölüm halları da hələlik epizodik şəkildə olsa da, artmaqdadır. Qarşıdan yay gəlir. İnsanların gözlənilən istidən qaçaraq ölkə üzrə rayonlara istirahət səfərləri qaçılmazdır. Bu isə virusun rayonlara transferinin intensivləşməsi deməkdir. Yoluxma sayının artması, infeksiyanın yayılma coğrafiyasının genişlənməsi və bütövlükdə epidemioloji vəziyyətin pisləşməsi proqnozlaşdırılır. Düşünürəm ki, qarşıdakı isti yay aylarında karantin tədbirlərinin sərtləşdirilməsi dözülməz olardı. Digər tərəfdən, sərt karantin tədbirləri görülsə belə, SMS icazələrindən sui-istifadə təcrübəsi ortadadır. Belə olarsa, yenə də insanlar bir-birinə qonaq getmək, evlərdə ziyafətlər təşkil etmək, həyətə düşüb söhbət etmək, domino oynamaq, çay içmək, liftdən sürəkli istifadə və s. sui-istifadə yolları ilə infeksiyanın yayılmasına nədən olacaqlar.

Ən mühümü karantin davranışlarının sərtləşdirilməsidir. Bu istiqamətdə maarifləndirmə işləri qənaətbəxş hesab edilə bilməz. Verilən informasiyalar, sadəcə, konstatasiya xarakteri daşıyır. Bu istiqamətdə fəaliyyətə yenidən baxılmalıdır. Ya biz bu yolla yoluxma sayını azalda və ağırlaşma, ölüm hallarını minimumda saxlaya bilərik, ya da kollektiv (kütlə) immunitetinə doğru gedəcəyik. Kollektiv immunitetin yaranması üçün ən azı 70% əhalinin yoluxması tələb olunur ki, virus tədricən yoxa çıxa bilsin. Bu isə paralel olaraq ciddi itkilər deməkdir.

Təkliflər:

1. Sosial həyatın canlanması və qadağaların ləğvi fonunda karantin davranışlarına (sosial məsafə gözləmək, maska taxmaq, əllərin mütəmadi sabunla yuylması və dezinfeksiya tədbirləri) əməl edilməsinə nəzarətin ciddiləşdirilməsi və sərt qaydaların tətbiqi. Artan xəstə sayı yoluxma mənbəyinin genişlənməsi, itkilərin artması və böyük məsrəflər, karantin davranışlarına sayğısız yanaşmaq genofondun sağlamlığına qəsd deməkdir!

2. Xaricdən ölkəmizə gətirilən vətəndaşlarımıza selektiv yanaşmaq, xəstəlik şübhəsi olanları karantinə, xəstələri müalicəyə götürmək, xəstəlik əlaməti olmayanları və test cavabı mənfi olanları sahə həkiminin nəzarəti altında ev karantininə göndərmək; hamını karantinə göndərməyə qəti ehtiyac duyulmur.

3. Bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlərin gücləndirilməsi”.

Yada salaq ki, martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Mayın 18-dən isə karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirilməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır. Ölkəyə giriş-çıxışa tətbiqi edilən qadağa mayın 31-dək qüvvədədir.

0
Musavat.com