Rusiyada azərbaycanlı iş adamlarına və diaspor nümayəndələrinə qarşı təzyiq və hüquqi təqib dalğası genişlənməkdə davam edir.
Musavat.com xəbər verir ki, bu prosesin son nümunəsi kimi Tuapse limanının sahibi, tanınmış azərbaycanlı iş adamı Şahlar Novruzov barəsində cinayət işi açılıb və o, artıq həbs olunub.
Rusiya Baş Prokurorluğunun yaydığı məlumata görə, Novruzov 919 milyon rubldan çox vəsaitin (təxminın 18 milyon manat) mənimsənilməsində ittiham olunur. Onun barəsində açılan iş Rusiya Cinayət Məcəlləsinin 30.3 və 159.4-cü maddələri – “xüsusilə iri məbləğdə dələduzluğa cəhd” – üzrə aparılır. Məlumata görə, o, rəhbəri olduğu “Kafe Köhnə Bakı” MMC və “Dar Frut” MMC şirkətlərinin nizamnamə kapitalında 100%-lik payı mənimsəməyə cəhd edib. Həmin kommersiya qurumlarına məxsus daşınmaz əmlakların bazar dəyəri 919,4 milyon rubl təşkil edir.
Məhkəmə iclası 17 oktyabr tarixinə təyin edilib.
“Kommersant” nəşrinin yazdığına görə, Novruzov hazırda istintaq təcridxanasındadır.