Azərbaycanda işlədiyi yeri əxlaqsızxana adlandıran qadına bu cəza verildi

ÖLKƏ
13:36 / 13.10.2025
44

Tərtər rayonunda keçmiş iş yerinin qarşısında video çəkərək sosial şəbəkədə paylaşan qadın cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 39 yaşlı rayon sakini Tünzalə Yusifova (ad-soyad şərtidir) barəsində rayon məhkəməsinə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

Bildirilib ki, T.Yusifova barəsində şikayət edən şəxs onun əvvəllər çalışdığı qeyri-hökumət təşkilatının rəhbəridir.

Belə ki, bir müddət əvvəl təşkilat Tərtərdə qadınları minatəmizləmə işinə cəlb edib və bu istiqamətdə layihə icra edib. Lakin layihə qeydiyyatdan keçmədiyi üçün sonradan dayandırılıb və Tünzalə ilə bağlanmış müqavilə də ləğv edilib. Bundan sonra Tünzalə Bakıya gələrək təşkilatın rəhbəri ilə görüşüb, işə bərpa edilməsini xahiş edib. Lakin onun istəyi baş tutmayıb.

Daha sonra Tərtərə qayıdan qadın təşkilatın rayon şöbəsinin qarşısına gələrək video çəkib və işlədiyi yerin ünvanına “Əxlaqsızxana, rüşvətxana, axşam hərəsi bir qız götürüb gətirir bura” və sair kimi sözlər işlədib. Həmçinin təşkilatın rəhbər şəxslərindən birinin ona intim münasibət təklif etdiyini iddia edib.

Videonun “TikTok” və yutub platformasında yayılmasından sonra qadın barəsində şikayət edilib.

Məhkəmədə Tünzalə Yusifova törətdiyi əməldən peşman olduğunu bildirib.

Tərtər Rayon Məhkəməsi Tünzalə barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən hökm çıxarıb. Belə ki, ona qazancından 10 faiz tutulmaqla 8 ay müddətə islah işləri cəzası verilib.

0