Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında qarşılıqlı elmi, tədris və praktiki fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi BMU-nun rektoru, professor Yaqub Piriyev və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev imzalayıblar. Memorandum elmi-tədqiqat və tədris sahəsində birgə təşəbbüslərin həyata keçirilməsini, tələbələrin institutda praktiki bacarıqlarının inkişafı məqsədilə təcrübə proqramlarına cəlb olunmasını, eləcə də maarifləndirici layihələrin icrasını nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən professor Yaqub Piriyev vurğulayıb ki, təməli qoyulan əməkdaşlıq elmi potensialın gücləndirilməsinə və biotexnologiya sahəsində mütəxəssis hazırlığının daha da təkmilləşdirilməsinə xidmət edəcək. O, BMU-da “Biotexnologiya” ixtisasının son illərdə böyük maraq doğurduğunu və bu istiqamətdə yaradılmış yeni laboratoriyalar vasitəsilə tələbələrin praktiki hazırlığının yüksəldildiyini qeyd edib.
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev isə çıxışında bu əməkdaşlığın həm elm, həm də tədris mühitində yeni imkanlar açdığını bildirib. O qeyd edib ki, tərəflər arasında qurulan əməkdaşlıq gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, elmi tədqiqatların və innovativ yanaşmaların təşviqinə şərait yaradacaq. Eyni zamanda, ölkəmizdə mövcud olan ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına və bu sahədə müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.
Sonda memorandumdan irəli gələn istiqamətlər üzrə birgə fəaliyyət planı və gələcək layihələrin icra mexanizmləri müzakirə olunub.