“100 turistdən cəmi 20-si Bakıdan kənara gedir”

ÖLKƏ
11:02 / 03.11.2025
65

“Azərbaycana gələn turistlərin 80 faizindən çoxu Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedir”.

HİT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında şərh verib.

V.Bayramov qeyd edib ki, bu ilin ilk 9 ayında turistlərin ən çox üstünlük verdiyi ikinci yer Qusar olub:

“Azərbaycana gələnlərin 6,4 faizi sözügedən rayonda qalıb. Bütövlükdə turistlərin 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.

Bu müddətdə turistlərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,3 faiz artaraq 1 milyon 937 min olub. Gecələmələrin ümumi sayının 14,1 faizi Hindistan, 10,9 faizi Rusiya, 9,1 faizi Səudiyyə Ərəbistanı, 8,7 faizi Türkiyə, 4,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,6 faizi İsrail, 3,6 faizi Pakistan, 3,5 faizi ABŞ, 3,5 faizi Çin, 3,2 faizi Özbəkistan, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,3 faizi Böyük Britaniya, 1,2 faizi Almaniya, 1,0 faizi İtaliya, 0,8 faizi Gürcüstan, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,6 faizi Ukrayna, 21,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.

“Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərində yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılansa da, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır.

Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Bu isə ondan xəbər verir ki, bölgələrin turizm potensialının artırılması və daha çox turistlərin cəlb edilməsi üçün sistemli tədbirlərin, eləcə də bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var”, - deputat əlavə edib.

0