"Referans"ın baş həkimi 32 yaşlı laborant imiş...

ÖLKƏ
15:19 / 07.11.2025
46
Mediada və sosial şəbəkələrdə "Referans” klinikası ilə bağlı tez-tez şikayətlərə rast gəlinir.
 
Bəzən analizlərin digər klinikalarla üst-üstə düşməməsi ən çox narazı qalınan məqamlardandır. Bundan başqa, özəl klinikalarda çalışan digər həkimlərin faiz qarşılığında öz pasiyentlərini analizlər üçün "Referans”a göndərməsi də artıq çoxlarına bəllidir.
 
Teleqraf-ın mövzu ətrafında apardığı araşdırma nəticəsində daha bir maraqlı məqam üzə çıxıb.
 
Məlum olub ki, ötən il fəaliyyətə başlayan Referans Naxçıvan Tibb Mərkəzinin baş həkimi laborant imiş. Söhbət 32 yaşlı Variz İsmayılovdan gedir.
 
"Referans”ın rəsmi saytında bu klinikada çalışan digər həkimlərin təhsil aldığı universitetlər göstərilsə də, Variz İsmayılovla bağlı məlumatlarda onun tibbi təhsilinə aid hər hansı məlumata rast gəlmək mümkün deyil. Belə olan halda laborantın ixtisaslı həkimlərə necə rəhbərlik etdiyi sual olaraq qalır.
 
 
Maraq üçün bildirək ki, həkim-laborant, tibb personalının istəyi əsasında xəstələrdən qan, sidik, toxuma kimi bioloji nümunələri qəbul edən, hazırlayan və analiz edən mütəxəssisdir. Bu analizlərin nəticələri müəyyən edilərək həkimlərə təqdim edilir və xəstəliklərin diaqnostikasında vacib rol oynayır.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş tibb müəssisəsinin rəhbərləri haqqında təlimatda qeyd edilib ki, Tibb müəssisəsinin rəhbəri vəzifəsinə ali tibb təhsili olan (baş direktor və direktor vəzifəsinə əlavə olaraq ali iqtisadi və ya ali hüquq) və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
 
Xatırladaq ki, "Referans Medical Group”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.
 
0