Qəbələ rayonu, Vəndam qəsəbəsi, Eldəniz Mehdiyev adına 1 saylı tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Sədaqət Vəliyeva redaksiyamıza müraciət edib.
O, Hit.az-a ünvanladığı müraciətdə qeyd edir ki, "Təhsil haqqında" Qanunun, Nazirlər Kabinetinin 156 nömrəli Qərarına görə ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinddən irəli gələn qərara görə, müvafiq ixtisas üzrə həm orta ixtisas, həm də ali ixtisas pedaqoji təhsili olan şəxslərin ümumtəhsil məktəblərində dərs demək hüququ qanunvericiliklə təsbit olunub.
Bu sənədlərdə orta ixtisas və ali təhsilli müəllimlər arasında dərs yükünün bölgüsü ilə bağlı birbaşa məhdudiyyət (məsələn, "yalnız aşağı siniflərdə dərs deyə yaxud yuxarı siniflərdə ancaq bölgü olmayan siniflərdə dərs deyə bilər") göstərilməyib.
Sədaqət Vəliyeva daha sonra bildirir ki, sertifikasiya imtahanından sonra 2024/2025-ci tədris ilinin əvvəlində təsdiq olunmuş dərs bölgüsünə əsasən, ona X siniflərdə həftəlik 8 saat dərs yükü həvalə edilib: “Lakin dərs başlayandan 2 həftə sonra mənə məlumat verildi ki, orta ixtisas təhsilli olduğum üçün yuxarı siniflərdəki dərslərim ləğv edilərək, aşağı siniflərdəki dərslərlə əvəz olunur. Nəticədə, X siniflərdəki 8 saat dərs yüküm çox zəif siniflərlə əvəz olundu.
Qeyd etmək istəyirəm ki, mən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifikasiyası prosesində iştirak edərək 55 bal toplamışam.
Şagirdlərim məşğələyə ehtiyac olmadan 9 cu sinfi qırmızı atestatla bitirirlər, hazırlaşdırdığım şagirdlər ölkənin nüfuzlu universitetlərində ingilis dilində tədris alırlar.
Bütün bu nəticələr mənim peşəkar hazırlığımın və müvafiq kompetensiyalara malik olduğumun göstəricisidir.
Sertifikasiya prosesində yüksək nəticə göstərərək peşəkar hazırlığımı təsdiq etməyimə baxmayaraq, dərs yükümün bu şəkildə dəyişdirilməsi məndə narahatlıq və mənəvi sarsıntı yaratmışdır.
Hesab edirəm ki, müəllimin peşəkar fəaliyyətinin sabitliyi və əməyinin dəyərləndirilməsi tədrisin keyfiyyəti üçün vacib amillərdir.
Dəfələrlə məktəb rəhbərliyinə, rayon və regional təhsil idarəsinə müraciət etməyim heç bir nəticə vermədiyinə görə sizə müraciət edirəm”.
Sədaqət Vəliyevanın müraciəti ilə bağlı müvafiq qurumlarla əlaqə saxlamaq cədhlərimiz nəticə verməyib.
Abbas


