Keçmiş narkotik istifadəçisi, hazırda reabilitasiya mərkəzində mütəxəssis kimi çalışan Qurban Oruc bildirir ki, əvvəllər iranlı narkotacirlər zəmanət kimi azərbaycanlı əlaltılarını şəxsiyyət vəsiqələrinin fotolarını alırdılar. Onların arasında sövdələşmələri baş tutmayanda, aldıqları şəxsiyyət vəsiqəsinin fotolarını və videoçəkilişləri yayırdilar. İndi isə bu üsul dəyişib.
Şəbəkənin ifşası üçün ARB TV-nin əməkdaşı sosial şəbəkələrdə telefon nömrəsi qeyd olunmuş iranlı narkotacirlə əlaqə saxlayıb. O, zəngə cavab verib və narkotik vasitənin topdan alışı üçün şərtlər irəli sürüb.
Bəs əgər narkotacirlə əlaqə müsbət nəticələnərsə, narkotik vasitələr ölkəyə necə keçirilir? İranlı qaçaqmalçılar bunun üçün dron kimi müasir vasitələrdən istifadə etməyə çalışırlar. Bəzən isə insanlar özlərinin xəbəri olmadan narkotik vasitə daşıyıcısına çevrilirlər.
Məsələ ilə bağlı ölkədə geniş maarifləndirmə işləri aparılır. Daxili İşlər Nazirliyi QHT-lərlə sıx əməkdaşlıq edir. Lakin burada vətəndaş həmrəyliyi də əsas şərtlərdəndir.
Azərbaycan polisi isə təkcə maarifləndirmə deyil, eyni zamanda sosial şəbəkələr üzərindən narkotacirlərin geniş miqyaslı ifşasını həyata keçirir.
Qeyd edək ki, məsələ ilə bağlı "ARB Xəbər”də süjeti yayımlanıb.


