Dünən saat 12 radələrində Masallıda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynovanın idarə etdiyi “Nissan Sunny” markalı avtomobil rayonun Həsənli kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü F. Hüseynova, avtomobildə olan sərnişinlər - Gülşən İsa qızı İsmayılova (1975), Nuriyə Rasim qızı Nuriyeva (1985) və Sevda İsa qızı Vəlişova (1961) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Lakin S. Vəlişova aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
Hadisənin təfərrüatı məlum olub.
Bildirilir ki, avtomobildə olan qadınlar yeni ailə həyatı quran yaxın qohumlarının evində keçirilən məclisə gedirmişlər.
Belə ki, 3 gün öncə Sevda Vəlişovanın qardaşı qızının toyu keçirilib. Dünən isə o, bacısı Gülşən, qardaşı qızı Nuriyə ilə birgə digər qardaşının gəlini Fərmudə Hüseynovanın avtomobili ilə Həsənli kəndindən Masallının digər kəndinə yola düşüblər. Lakin kəndin girişində Fərmudənin idarə etdiyi avtomobil asfalt yoldan çıxaraq aşıb.
Nəticədə yeni ailə həyatı qurmuş gəlinin bibisi S. Vəlişova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər bibisi və əmisi qızı isə ağır xəsarətlər alıb. Sürücü isə nisbətən yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.
***
TƏBİB-dən bildirilib ki, dünən saat 13:10 radələrində Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (qadın) Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Hazırda pasiyentlərdən 3 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Onlardan 2 nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Göstərilən bütün reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq saat 14:40 radələrində 1961-ci il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb”.


