Plastik torba qalmaqalı: qiymət qalxdı, istifadəsi azalmadı...

ÖLKƏ
22:27 / 06.12.2025
31

Ölkədə plastik torbaların qiymətinin artırılması yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Kiçik ölçülü torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə qaldırılıb, böyük torbalar isə artıq 7 qəpiyə təklif olunur. 

Mağazalarda aparılan müşahidələr göstərir ki, qiymət dəyişikliyinə baxmayaraq, alıcıların əksəriyyəti hələ də polietilen torbalardan bol-bol istifadə edir. 

Alıcıların əksəriyyəti qiymət artımının onlar üçün ciddi maneə olmadığını bildirir.

“Başqa çarəmiz yoxdur. Qiymət artsa da, artmasa da almağa məcburuq. Plastik torbalar daha sərfəlidir, çünki ucuzdur, digər torbalar isə çox bahadır, onldardan almağa imkan yoxdur”.

Qeyd edək ki, bir sıra böyük supermarketlərdə, mağazalarda  ekoloji cəhətdən daha təhlükəsiz, parçadan və ya bioloji əsaslı materiallardan hazırlanan torbalar da var. Amma onların qiyməti baha olduğundan alıcılar əsasən sellofan torbalara üstülük verir. 

Xatırladak ki, Azərbaycanda plastik torbaların pullu olması 2023-cü il fevralın 15-dən tətbiq edilib. 

Bəs yeni qiymətlər dəyişiklik yaradacaqmı? Plastik torbalara hansı alternativlər mümkündür? 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. İqtisadçı qeyd edib ki, Azərbaycanda plastik torbaların qiyməti dövlət tərəfindən tənzimlənir:

“Yəni, əslində, onların satış qiymətini marketlər müəyyənləşdirir, lakin dövlətin qoyduğu qaydalar çərçivəsində. Lakin burada daha maraqlı və düşündürücü məqam bu qərarın əsl səbəbi və gətirdiyi nəticələrdir. Plastik torbaların pullu olması niyə təklif edildi? Rəsmi izahatlarda qeyd olunur ki, məqsəd ekoloji ziyanı azaltmaqdır. İnsanlara təkid edilir ki, plastik torbalardan imtina etsinlər, alternativ olaraq parça torbalar və ya təkrar istifadə olunan qablar gətirsinlər.

Lakin statistik nəticələr göstərir ki, qərarın qəbulundan sonra, əksinə, ölkədə plastik torbalardan istifadə təxminən 30-35 faiz artıb. Yəni, məqsəd ilə nəticə arasında ciddi bir ziddiyyət yaranıb. Bu, əslində düşündürücüdür: əgər məqsəd ətraf mühitin qorunmasıdırsa, bunun təşviqedici yollarla həyata keçirilməsi daha məqsədəuyğun olardı.

Xarici ölkələrdə müşahidə edirik ki, kassaya yaxınlaşan hər beş nəfərdən ən azı üç-dördü özü ilə gətirdiyi parça torbalardan istifadə edir. Alınan əşyaları bu torbalara yerləşdirirlər və əlavə plastik torba almırlar. Azərbaycanda isə bu nadir görüntüdür. İnsanların ətraf mühitin qorunması istiqamətində təşviq edilməsi və düzgün izah olunması üçün sosial rol modellərinə, kampaniyalara və maarifləndirmə işlərinə ehtiyac var ki, məqsədə nail olunsun".

İqtisadçının fikrincə, bu məsələni sadəcə pulla satmaqla həll etmək olmaz:

“Hazırda mağazaların plastik torbaları pullu satmaqla əlavə gəlir əldə etdikləri müşahidə olunur. Qiymət 7 qəpikdir və bahadır. Çünki torbaların maya dəyəri çox ucuzdur. Beləliklə, bu sadə ekoloji layihə əslində biznesə çevrilmiş oldu. Halbuki əsas məqsəd, sözün həqiqi mənasında, ekoloji tarazlığı qorumaq və insanların plastik torbalardan istifadəsini azaltmaq olmalı idi”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qeyd edib:

“Ətraf mühiti çirkləndirən plastik torbalar dünyanın ciddi problemlərindən biridir. Bir çox ölkələrdə, o cümlədən MDB məkanında və digər ölkələrdə bu məsələni azaltmaq üçün müəyyən tədbirlər görülür. Belə ki, plastik torbaların satışını pullu etmək təklifi irəli sürülüb ki, insanların istifadəsi azalsın və bunun nəticəsində ətraf mühitə zərər minimuma enə bilsin. Lakin təəssüf ki, Azərbaycanda bu qərar qəbul olunsa da, biznes qurumları vəziyyətdən sui-istifadə etdilər.

Plastik torbalar rəngli istehsal olundu, üzərlərinə reklam materialları yerləşdirildi və pulla satılmağa başlandı. Halbuki qurumumuz tərəfindən tövsiyə belə idi ki, plastik torbalar son dərəcə nazik olsun, rəngsiz istehsal edilsin və üzərində heç bir reklam materialı olmasın. Çünki reklam materiallarında istifadə olunan bəzi ağır metallar zəhərlidir və torbalar vasitəsilə evlərə, su və torpağa qarışaraq ekoloji fəsadlara səbəb olur.

Təəssüf ki, yalnız bu ilə kifayətlənmədi, son 2-3 il ərzində plastik torbaların qiyməti artdı, keyfiyyəti isə aşağı düşdü. Eyni zamanda, qiymət artımı ilə bağlı satıcılar da narazılıqlarını bildirirlər. Əhali bu torbalardan imtina etməli, alternativ, ekoloji cəhətdən təmiz və təkrar istifadə oluna bilən bazar torbalarına keçməlidir.

Əslində, bu istiqamətdə uğurlu təcrübələr də mövcuddur. Məsələn, dörd il öncə Azad İstehlakçılar Birliyi olaraq bir layihə çərçivəsində 500-ə yaxın ekoloji bez torba hazırlamış və əhaliyə pulsuz paylanmışdıq. Bu layihə əhali tərəfindən çox müsbət qarşılanmışdı. Bez torbalar dəfələrlə istifadə oluna bilir, ekoloji cəhətdən təmizdir və ətraf mühitə heç bir zərər vermir.

Mən əhaliyə tövsiyə edirəm ki, plastik torbalardan birdəfəlik imtina etsinlər və alış-veriş zamanı bazar torbalarından istifadə etsinlər. Ən yaxşı alternativ isə Talış zənbilləridir, onlar ən ekoloji cəhətdən təmiz və təkrar istifadə oluna bilən seçimdir. Şəxsən mən də həmin zənbillərdən istifadə edərək alış-veriş edirəm".

0