"Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm" - Bakıda maraqlı hadisə

ÖLKƏ
19:59 / 11.12.2025
40

Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyini bildirən şəxs qarşı tərəfdən xeyli miqdarda pul alıb və sonda əməliyyat baş tutmayıb.

Teleqraf-ın məlumatına görə, pulu verən Eldar Əhmədov Nadir Behbudovu (ad-soyadlar şərtidir) dələduzluqda ittiham edib.

Məlum olub ki, 1977-ci il təvəllüdlü Nadir Behbudov tanışı Eldar Əhmədovun (ad-soyad şərtidir) xanımının dializ xəstəsi olduğunu öyrəndikdən sonra öz böyrəyini qadına təmənnasız olaraq verə biləcəyini bildirib.

Nərimanov Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ittihamları qəbul etməyib:

“Könüllü olaraq heç bir təmənna güdmədən donor olmaq üçün razılıq verdim. Sadəcə, Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının mənfi rəyindən sonra əməliyyat baş tutmadı. Böyrəyimi verməyi notariat şəhadətnaməsi ilə də təsdiq etmişdim. Pulları isə şəxsi ehtiyaclarıma xərcləmişəm”.

Zərərçəkən kimi tanınan Eldar Əhmədov isə ifadəsində əksini söyləyib:

“Həkimlərin məsləhəti ilə Nadir ona məxsus böyrənin həyat yoldaşıma əməliyyat yolu ilə köçürülməsi üçün Gömrük Hospitalında müayinələr keçirilib və uyğun gəldiyindən razılaşdıq. Bundan sonra Nadir müxtəlif vaxtlarda fərqli səbəblərdən məndən pul istədi. Ona ümumilikdə 17109 manat vermişəm. Nadir müayinədə keçdikdən sonra Səhiyyə Nazriliyində izahat verərək böyrəninin qadına köçürülməsindən imtina etdi. Bundan sonra pulumu istəsəm də, ödəmədi”.

Maraqlıdır ki, Nadir “ASAN Xidmət” mərkəzində səlahiyyətli orqanlara böyrəyinin köçürülməsi ilə bağlı ərizə də yazıb. O, ərizəsində qadına təmənnasız olaraq böyrəyini verəcəyini, heç bir iddia və tələbi olmadığını bildirib. Bundan başqa o, transplantasiya prosesi ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının videogörüntülü iclasına da qatılıb. O, iclasında böyrəyini təmənnasız verməyə hazır olduğunu bəyan etməklə “Dost kimi, qardaş kimi lazım olsa, ciyərimi də verərəm” ifadələrini səsləndirib.

Məhkəmə də bu səbəbdən Nadirin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib. Məhkəmə hesab edib ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs ilkin və davamlı niyyəti real olaraq donor qismində çıxış etmək və öz böyrəyini transplantasiya məqsədilə qadına verməkdən ibarət olub. Bu niyyətini təsdiq etmək məqsədilə Nadirin könüllü şəkildə notarial qaydada razılıq verib, müvafiq tibbi müayinələrdən keçib və transplantasiya prosedurunun tələb etdiyi bütün zəruri mərhələlərdə iştirak edib. Sonuncunun donor olmaq niyyəti müvəqqəti və situativ deyil, ardıcıl və ciddi şəkildə formalaşmış iradə aktı olub. Bu faktlar onun əvvəlcədən formalaşmış dürüst və ciddi iradəsinin mövcud olduğunu, heç bir aldatma və ya etibardan sui-istifadə məqsədi daşımadığını qəti şəkildə göstərir. Belə ki, transplantasiya prosesində şəxsin iradəsi yekun qərar deyil. Qərar verən struktur Etika Komissiyasıdır. Yəni şəxs öhdəliyini icra etməkdə subyektiv maraq göstərsə də, nəticə onun nəzarətindən kənar baş verib.

Bildirilib ki, təqsirləndirilən şəxs “böyrək müqabilində müəyyən məbləğ” tələb etməyib, verilən pulların mahiyyəti iqtisadi əvəzli əməliyyat kimi müəyyən edilməyib, pullar maddi nemətin ələ keçirilməsi məqsədi ilə deyil, müstəqil və əlaqəsiz epizodlar çərçivəsində qarçl tərəfindən könüllü təqdim olunub.

Yeku nəticədə məhkəmə Nadir Behbudovun əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığına görə ona bəraət verilib və iclas zalında həbsdən azad edilib.

0