17 dekabr 2025-ci il tarixində Özbəkistan Respublikası İxtisaslaşdırılmış elmi-praktik Epidemiologiya, Mikrobiologiya və Yoluxucu-parazitar xəstəliklər tibbi mərkəzinin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru, professor Niqora Ubaydullayevna Tadjıyeva və həmin mərkəzin Antimikrob Rezistentlik Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Qulnora Kudratullayevna Abduxalilova Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunu ziyarət ediblər.
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun rəhbəri, tibb elmləri doktoru, professor Adil Allahverdiyev, elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov, institutun elmi-katibi, professor Ağasəmid İsayev və institutun Epidemiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Lalə Rüstəmova qonaqları institutun laboratoriyaları ilə tanış edib. Qonaqlar laboratoriyanın şəraiti və avadanlıqlarını yüksək qiymətləndiriblər və gələcək elmi araşdırmalar üzrə imkanların əhəmiyyətini vurğulayıblar.
Səfər çərçivəsində qonaqlarla institutun elmi hissəsinin əməkdaşları arasında görüş təşkil olunub. Görüş zamanı tərəflər birgə layihələr üzrə imkanları müzakirə edib. Cari görüşün 27 oktyabr 2023-cü il tarixində hər iki institut arasında imzalanmış elmi-texniki əməkdaşlıq memorandum çərçivəsində baş tutduğu vurğulanıb.
Görüş çərçivəsində tərəflər arasında birgə elmi tədqiqat layihəsi imzalanıb. Layihəyə əsasən növbəti üç il ərzində Azərbaycan və Özbəkistan əhalisi arasında dövr edən bəzi şərti patogen mikroorqanizmlərin antibiotik rezistentlik xüsusiyyətləri və mexanizmləri tədqiq ediləcək. Layihə çərçivəsində hər iki qurumun elmi əməkdaşlarının qarşılıqlı şəkildə tərəfdaş müəssisələrdə təcrübə keçməsi, əldə olunan nəticələrin müqayisəli təhlili və nəticələrin elmi məqalə və tezislər şəklində dərc edilməsi nəzərdə tutulur.
Görüşün sonunda institutun Elmi Şurasının 28 oktyabr 2025-ci il tarixli, 5 saylı qərarı ilə hər iki alimə Elmi Şuranın “Fəxri üzvü” adına layiq görülüb.













