Tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.
Hit.Az xəbər verir ki, telejurnalistin vəfatı barədə məlumatı onun yaxınları təsdiqləyiblər.
Qeyd edək ki, Nailə Ənvər qızı Əkbərova 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Peşəkar fəaliyyətinə 1981-ci ildə Azərbaycan Dövlət Televiziyasında başlayan Nailə Əkbərova uzun illər televiziya sahəsində çalışıb.
1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə "Space" telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə "TRT" telekanalında fəaliyyət göstərib.
O, "TRT Avaz" kanalında yayımlanan "Qafqazlara əsən yellər" proqramının müəllifi, rejissoru və aparıcısı kimi tanınıb. Nailə Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır.


