Bir döyüşçünün hekayəti və ya sonuncu aşırım...
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.
Bəxtiyar Vahabzadə
Bəzi insanların dünyaya gəlişi, həyatı xüsusi bir missiya, yüksək amalla bağlıdır. Onlar yalnız doğulub-böyüyüb, cismən mövcud olmaq üçün deyil, insanlıq dəyərlərini qorumaq və Vətən, yurd təəssübkeşliyi göstərmək üçün yaşayırlar. Qəhrəmanımız Şahmar kimi. Axı o da həmin müqəddəs missiyanı ləyaqətlə daşıyan şəxslərdən idi.
Şahmar Meybulla oğlu Rzayev 1957-ci il oktyabrın 14-də Lənkəran rayonunun Mamusta kəndində anadan olub. Orta məktəb təhsilini doğma kəndində alıb. 1975-1977-ci illərdə sovet ordusu sıralarında - Almaniyada həqiqi hərbi xidmət keçib.
Uşaqlıq illərindən hüquqşünas olmağı, qanunun keşiyində dayanmaq, ictimai asayişi qorumaqla xalqa xidmət göstərməyi arzulayırdı. Əsgərliyini başa vurduqdan sonra qarşısına qoyduğu məqsədə doğru irəliləyir. Arzusu onu Daxili İşlər Nazirliyinə gətirir. Və 1979-cu ildən Bakı şəhəri Nizami rayonu daxili işlər şöbəsində milis işçisi kimi çalışmağa başlayır. Bilik və bacarığı, hüquq-mühafizəsinə sahəsinə marağı ilə tez bir müddətdə bu peşənin sirlərinə dərindən yiyələnir. Qısa zamanda cinayət-axtarış şöbəsinin ən fəal, peşəkar milis işçilərindən birinə çevrilir. Həmkarları ilə birgə ən ağır cinayətlərin açılmasında iştirak edirlər. Hara göndərilsələr, funksional vəzifələrini yüksək səviyyədə yerinə yetirirlər. Çalışqanlığı, nizam-intizamı kollektiv və rəhbərlik qarşısında ona böyük hörmət qazandırır.
Mərhum şair Hökmullah Rzayev "Yaddaşlarda yaşayan Mamusta" kitabında yazır: "1987-ci ildən Dağlıq Qarabağ hadisələri Şahmarı da bir vətəndaş kimi bərk narahat edirdi. Bakıda baş verən hadisələr, mitinq və nümayişlər ara vermədiyi bir dövrdə Ş.Rzayev və silahdaşları xalqın arasında olub iğtişaşlara imkan vermirdilər. 1990-cı il 20 Yanvar hadisələrində səhərə qədər xalqın arasında olan Şahmar yaralananların xəstəxanalara daşınmasına köməklik göstərir, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşiliyi öz gözləri ilə görür".
Lakin Şahmarın Vətən uğrunda şücaəti, fədakarlığı hələ qarşıdaydı.
Birinci Qarabağ müharibəsində işğalçı erməni qüvvələrinə yönələn müqavimət əsasən Azərbaycan milis dəstələri, könüllülərdən təşkil olundu. Çünki, həmin dövrdə ölkəmizdə peşəkar ordu tam formalaşmamışdı. Belə bir şəraitdə milis və milli müqavimət dəstələri düşmənin hücumlarını dayandırmaq, əraziləri geri almaq üçün qorxmadan, qəhrəmanlıqla döyüşürdülər.
Şahmar Rzayev bu könüllülərin ən fəal üzvlərindən idi. 1990-cı ilin fevralından 1992-ci ilin mart ayına qədər Şuşa, Laçın, Ağdam, Ağdərə, Xocalı uğrunda döyüşlərə qatılaraq, həmişə ön sıralarda olur, azğın düşmənin geri oturdulmasına, dinc əhalinin - əliyalın soydaşlarımızın müdafiəsində iştirak edir... Vətəninə, xalqına olan məhəbbəti, torpağa bağlılığı, ən başlıcası, ermənilərə qarşı nifrəti Şahmarı daha da mətinləşdirir və müharibənin çətin yerlərində olmasından heç bir narahatlıq, qorxu hissi keçirmir.
Hökmullah Rzayevin qeydlərindən: "1992-ci ilin fevral ayında Şuşa şəhəri mühasirədə olsa da, 20 nəfər mərd və cəsur polis işçisi heç nədən qorxmadan avtobusa oturaraq şəhərə doğru hərəkət etdilər. Qarlı-şaxtalı havaya, sərt dağ aşırımlarına baxmayaraq, nəqliyyat vasitəsi sıldırım qayalar arasından sürətlə şütüyür. Avtobusdakı milis dəstəsi mühasirədə olan xalqın köməyinə çatmaq istəyirdi. Bu zaman düşmən mərmisi avtobusa dəyir və polis işçiləri ən hündür aşırımdan dərəyə yuvarlanırlar".
Şahmarın söylədiklərindən: "İki gün idi yatmırdıq, ona görə də yüngülcə yuxulamışdıq. Möhkəm zərbədən gözlərimi açdım. Avtobusun dərəyə aşdığını, şüşələrin sındığını, alov dilimlərini gördüm. Maşın növbəti dəfə çevriləndə qayaların üzərinə düşdüm, yuxarıdan qopan daş parçaları güclü zərbə ilə başıma dəydi. Bu ağır zərbələrdən sonra baş verən hadisələrin heç birini xatırlamıram".
Faşist xislətli vandalların növbəti cinayəti nəticəsində 12 nəfər milis işçisi yerindəcə həlak olur, qalanları yaralanır.
Şahmarın vəziyyəti isə daha ağır idi. Baş və üz nahiyəsindən zərbələr alan məğrur döyüşçü çoxlu qan itirmişdi. Hərbçilər yaralıları və şəhidləri çətinliklə dərədən çıxarıb, yaxınlıqdakı səhra xəstəxanasına aparırlar. Şahmara göstərilən tibbi yardım heç bir nəticə vermir. O, həlak olan silahdaşlarıyla birgə vertalyot vasitəsi ilə Bakıya - "Semaşko" xəstəxanasına gətirilir. "Deyirlər, insanı yaratdığı kimi, ömrünü də verən Allahdır. Həqiqətən, belədir. Mən Şahmarı öz gözlərimlə xəstəxanada gördüm. Onun başı yanıb qaralmış kötüyə bənzəyirdi. Üzü o qədər şişmişdi ki, gözlərini görmək mümkün deyildi. Ancaq başına sarınmış sarğı onu kötükdən ayırırdı" - H.Rzayev kitabında xatırlayır.
Həkimlərin Şahmara qoyduğu diaqnoz belə idi: kəllənin beyin yarımkürələrinin sümükləri sınmış, baş-beyin, üz hissəsi ağır yaralanmış, burun, alın, çənə sümükləri üç yerdən qırılmış, bağırsaq divarı çatlamışdır.
Əlbəttə, müharibənin ağrı-acısını, həyəcan dolu günlərini ürəklərinin dərinliklərində yaşayan, savaşa oğul, ər, qardaş yola salan və hər cür xəbər gözləyənlər onların ailələri olur.
Gecəyarısı qapını döyən xəbər həyat yoldaşı Güldəstə xanımı da iki azyaşlı uşağı ilə taleyin ən ağır sınağı qarşısında qoyur. Bu məşum xəbəri gətirən Şahmarın iş yoldaşlarından biri pəncərəni möhkəm döyür. Onsuz da, yoldaşı gedəndən kifayət qədər narahatlıq keçirən, gecələr yuxusu ərşə cəkilən qadın bu səsin xeyir əlamət olmadığını başa düsür. 6 yaşlı oğlu Aqil, bir yaş balaca qızı Aynurə də yuxudan hövlnak oyanıb, ürəkləri quş kimi çırpınmağa başlayır. Onlar pəncərə tərəfə, analarının arxasınca qaçırlar. Hər dəfə atalarının yolunu səbirsizliklə gözləyən uşaqlar hansısa hadisənin baş verdiyini anlayır, “ata” deyə hönkür-hönkür ağlayırlar.
Güldəstə xanım bir an dərin sarsıntı keçirir, nitqi tutulur. Lakin güclü iradəsi, bir ümid qığılcımı onu ayaqda tutur. Və sanki saniyələr içində özünü xəstəxanaya çatdırır. Orada qarşılaşdığı dəhşətli mənzərədən yenidən sarsılır. Sıra ilə düzülən şəhid nəşləri, tanınmaz hala düşən üzlər... O, yoldaşını şəhidlərin arasında qolundakı döyməsindən tanıyır. Şahmara tərəf əyilib nəfəsini hiss edəndə, gözlərində ümid qığılcımı parlayır. Demək, həyatı hələ bitməmişdi...
Amma bundan sonra ailənin əzablı, səbr, dözüm tələb edən günləri başlayır: ardıcıl əməliyyatlar, uzun müayinə və müalicə prosesləri. Şahmarın baş, çənə, üz, burun sümükləri xüsusi metal vasitələrlə birləşdirilir. Altı ay ancaq su içir, amma yaşayır - övladları üçün. Aşırımdan sağ çıxan qəhrəmanımız həmin tarixi hər il ikinci doğum günü kimi qeyd edir. Bu möcüzədə Allah-Təaladan aşağı payı olan, bir an da olsa başı üstündən çəkilməyən əzabkeş ömür-gün yoldaşı Güldəstə Xudaverdi qızı idi.
Şahmar sağaldıqdan sonra yenidən öz işinə qayıdır. Lakin bir müddət sonra sevdiyi peşəsindən ayrılır. Sağlamlığı imkan vermədiyindən 1999-cu ildə Qarabağ qazisi kimi ehtiyata buraxılır. Bəli, zərrə-zərrə sağalan yaralar, ağrılar zaman keçdikcə yenidən təsirini göstərməyə başlayır. Hələ o zaman həkimlər diaqnoz qoymuşdular ki, sonrakı illərdə, yaşa dolduqca Şahmarın səhhətində ciddi risklər müşahidə oluna bilər.
Müharibənin dəhşətləri və aldığı yaralarla yanaşı, ən yaxın dostlarının yoxluğu, digərlərinin ömürlük əlil arabasına məhkum olması, onun fiziki və psixoloji durumuna da təsirsiz ötüşməmişdi. Vətən yolunda sağlamlığını, dostlarını itirsə də, ən böyük ağrısı Qarabağla bağlı idi.
Düzdür, Şahmar yaşayırdı - amma diri, yeriyən şəhid kimi. Ötən illər ərzində dəfələrlə xəstəxanaya yerləşdirilir, xoşbəxtlikdən hər dəfə ölumün pəncəsindən qurtulur, Allah yenə də ömür payını uzadırdı. Ta ki, 2025-ci ilin soyuq payızına qədər... Bu dəfə Şahmarı xilas etmək olmadı - noyabrın 24-də yurdunun, obanın qəhrəman oğlu başındakı ağrılarla ömür yolunu səssizcə başa vurdu.
Şahmarın ölümü də həyatı qədər dəyərli oldu. Onun dünyadan köçməsi yaxın-uzaq bütün doğmalarını, dostlarını, qohum-qonşularını dərindən sarsıtdı, qəm-qüssəyə boğdu. Düzdür, ölüm İlahi qədərdir, amma heç kim onun vəfat etdiyinə inanmaq istəmirdi, yoxluğu çox cətin gəlirdi. Bu isə Şahmarın nə qədər əziz və unudulmaz olduğunu bir daha göstərdi.
İnsan necə olmalıdır? Bu suala Şahmarın timsalında cavab vermək kifayət edirdi. Çünki, yaxşı insan olmağın yazılmamış qanunlarını onun həyatının hər anında görmək mümkünüydü. O, zəngin əxlaqi və mənəvi dəyərlərə sahib, dostluqda sədaqətli, yardımçı, qəlbi sevgiylə dolu bir insan idi. Hamı ilə mehriban ünsiyyət qurar, münasibətlərdə bağlılığı və etibarı qoruyub-saxlayardı. Öz canı ağrısa belə, çətinliyə düşən hər kəsin - tanısa da, tanımasa da, uşağın da, böyüyün də - harayına çatmağa çalışar, qayğısını əsirgəməzdi.
Onu yaxından tanıyan övladları, nəvələri Şahmar dədələrinə xüsusi məhəbbət bəsləyirdilər. Axı pozitivliyi ilə ətrafına yalnız müsbət enerji, varlığı ilə insanlara ümid və istilik bəxş edərdi.
47 il Bakıda yaşadı Şahmar. Çətinliklə ev-eşik qurdu, ömür-gün yoldaşıyla vətənə layiq üç övlad böyütdü, onlara toy-büsat qurdu, nəvə sahibi oldu. Uğrunda can qoyduğu, ən yaxın dostlarının şəhid olduğu Qarabağın, Şuşanın düşmən tapdağından azadlığı yaralarına, ürəyindəki ağrılara məlhəm çəkdi.
Şahmarın daha bir arzusu vardı -- ahıl çağlarını ata yurdunda, doğma torpağında keçirmək. Nə hikmət idisə, tez bir zamanda özünə isti yuva qurdu kəndində. Bu, ömrün tələskənliyi idimi, bilmirəm.. Əziyyətlə tikdirdiyi evində çox az yaşadı və elə oradan da son mənzilinə yola salındı. Qəlbində qalan yeganə nisgil isə, güman ki, həyat yoldaşının ağır xəstəliyi oldu... Onsuz da ayda iki dəfə Bakıya kimyaterapiyaya aparıb-gətirdiyi, illər boyu ona öz övladı kimi qayğı göstərən, canındakı ağrılara belə şərik çıxan ürək sirdaşının tamamilə sağalacağına böyük ümid bəsləyirdi.
Əziz ruhuna ehtiramla - qoy son ümidin gerçək olsun, qəhrəman döyüşçü!
P.S. Şahmar Meybullah oğlu Rzayevin xidməti və fədakar əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin fəxri fərmanları ilə təltif olunub, 2019-cu ildə isə mənzillə mükafatlandırılıb.
Qəhrəmanlar unudulmayacaq! Onların Vətənə, xalqa, torpağa sədaqət nümunəsi olan həyat və mübarizə yolu gələcək nəsillərə örnək kimi ötürüləcək!
Cəvahir Xudaverdi
Jurnalist









