Ağadadaş Ağayev amnistiyaya düşdü - YENİLƏNİB

ÖLKƏ
11:59 / 12.01.2026
83

Amnistiya aktı Xalq artisti Ağadadaş Ağayevə də şamil olunub.

APA xəbər verir ki, Ədliyyə Nazirliyi Probasiya xidmətinin Ağadadaş Ağayevlə bağlı təqdimatına baxılıb.

Bu gün Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Amnistiya aktı üzrə Ağadadaş Ağayev şərti cəzanın çəkilməmiş hissəsindən azad edilib. Onun üzərindən məhkumluq götürülüb.

Qeyd edək ki, 2024-cü il iyul ayında xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

Ağadadaş Ağayev "Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

Öz növbəsində, "Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib. Ötən il yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub.

Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.

Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti təyin olunub və cəza şərti hesab olunub.

Nürəddin Cəlilov 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, cəza şərti hesab olunub, 2 il sınaq müddəti təyin edilib.

10.21

Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənniyə amnistiya aktı tətbiq olunacaq.

Ədliyyə Nazirliyinin Probasiya xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib.

Ağadadaş Ağayevin müdafiəçisi, tanınmış vəkil Asim Abbasov məlumatı saytımıza təsdiqləyib. Vəkil deyib ki, Probasiya xidmətinin müvəkkilinə amnistiya aktının tətbiqi ilə bağlı müraciətinə bu gün baxılacaq.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə Xalq artistini döyüb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə, 2 il , N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib.

0