“Prezident İlham Əliyevin Bakı və Abşeronda su təchizatı ilə bağlı addımlar atması çox mühümdür”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb:
“Bunun sayəsində Azərbaycanda su mənbələrinin bərpası nəticəsində istehsal gücünün saniyədə 30 m³-ə çatdırılması planlaşdırılır. Bu isə çox gözəl göstəricidir. Hazırda Bakı və Abşeronun bəzi rayonlarında su problemi var. Bütün bu problemlər öz həllini tapmalıdır. Cənab Prezident İlham Əliyev də bütün bunları diqqətdə saxlayır və hər bir məsələyə zamanında müdaxilə edir. Ölkədə su problemi, tullantı sularınının axması və kollektorların quraşdırılması həddindən artıq vacib məsələlərdir. Bu səbəbdən də dövlət başçısı xüsusi bir müşavirə keçirdi və mühüm qərarlar verdi”.
Partiya sədri qeyd edib ki, hazırda dünyada ciddi şəkildə su problemi yaşanır:
“Su məsələsi qlobal problemdir. Prezident İlham Əliyev müşavirədə yeni proqram çərçivəsində Bakı sakinlərinin 95% fasiləsiz su ilə təmin olunması məqsədinin qoyulduğunu açıqladı. Əlbəttə ki, bu da çox böyük bir göstəricidir və təqdirəlayiqdir. Nəzərə almaq lazımdır ki, bu gün dünyanın ən inkişaf ölkələrinin böyük şəhərlərində belə su problemi var. Zaman-zaman bir çox ölkənin yaxın gələcəkdə su problemi ilə üzləşəcəyi ilə bağlı proqnozlar verilir. Ona görə də Azərbaycan lideri bu məsələni daim diqqətdə saxlayır”.
Siyasətçi xatırladıb ki, əvvəllər Azərbaycanda su fasilələrlə verilirdi:
“Amma indi son illərə demək olar ki, əksər ərazilərdə və şəhərin əsas hissələrində su ilə bağlı problemi yoxdur. Çünki mütəmadi olaraq bu istiqamətdə müsbət addımlar atılır və gələcək problemlərlə bağlı qabaqlayıcı tədbirlər görülür. 2036-35-ci illəri əhatə edəcək Dövlət Proqramı çərçivəsində geniş şəkildə kompleks tədbirlər həyata keçiriləcək. Həsab edirəm ki, bu proqram əhalinin vəziyyətini yaxşılaşdırmasına, insanların rahat şəkildə sudan istifadə etməsinə səbəb olacaq”.
Elmir Mustafa


