Bu gün istehlakçıları maraqlandıran əsas məsələlərdən biri də istehlak etdikləri məhsulun təmiz və keyfiyyətli olmasıdır.
Bu səbəbdən bəzi insanlar ənənəvi kənd təsərrüfatı məhsulları istehlak etməyə üstünlük verirlər. Bəziləri isə orqanik təamlarla qidalanmağı sevirlər.
Maraqlıdır, orqanik və ənənəvi kənd təsərrüfatı arasında hansı əsas fərqlər mövcuddur?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Hit.az-a açıqlama verib. O bildirib ki, orqanik kənd təsərrüfatı kimyəvi gübrələr və pestisidlərdən istifadə etmir:
"Eyni zamanda, torpağın təbii yollarla qorunmasına və biomüxtəlifliyin artırılmasına önəm verir. Lakin ənənəvi kənd təsərrüfatında isə məhsuldarlığı artırmaq üçün sintetik gübrələr və kimyəvi maddələr geniş istifadə olunur".
Ekspert sözlərini belə əsaslandırıb:
"Ümumiyyətlə, orqanik üsullar daha çox əl əməyinə və dövri əkinə əsaslanır. Ənənəvi metodlar isə texnika və maşınlardan çox istifadə edir. Bundan başqa, orqanik məhsullar sertifikatlaşdırılır və adətən daha bahalı olur. Ənənəvi məhsullar isə geniş miqyasda və ucuz istehsal olunur".
Sevinc



