Deputat: "Su təchizatının yaxşılaşdırılması əsas hədəf götürülüb"

ÖLKƏ
15:21 / 14.01.2026
164

"Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır".

Bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı zamanı deyib.

Dövlət başçısı əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq:

"Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir".

Qeyd edək ki, bu gün Azərbaycanda kanalizasiya və yağış sularının idarə olunması sahəsində aparılan islahatlar ölkənin infrastruktur inkişafında mühüm mərhələni təşkil edir. Hazırda kanalizasiya xidməti əhalinin yalnız 50 faizini əhatə edir. Ancaq həyata keçiriləcək yeni proqramların icrası sayəsində bu rəqəmin 95 faizə çatdırılması nəzərdə tutulur. Bu isə həm əhalinin sanitariya şəraitinin yaxşılaşdırılması, həm də ekoloji təhlükəsizliyin təmin olunması baxımından vacib addımdır. 

Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanın su və kanalizasiya sisteminin yenilənməsi istiqamətində mühum addımlar atılır:

"Bu gün ölkəmizdə 500 min kub metr həcmində su saxlamaq üçün anbarlar mövcuddur. Son zamanlar Taxta çay və Şəmkir çayı üzərində qurulan su anbarları həm kənd təsərrüfatı təyinatlı işlərin görülməsinə, həm də əhalinin içməli su ilə təmin olunmasına töhfə verir. İndi Bakı və Abşeronda su təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenilənməsi istiqamətində görüləcək işlərlə bağlı Dövlət Proqramı qəbul olunur".

Millət vəkili vurğulayıb ki, yeni proqram çərçivəsində xidmətlərin 95 faizə çatması hədəflənib:

"Hazırda əhalinin 50 faizi kanalizasiya sistemindən istifadə edir. Bu isə bir çox problemlərin yaranması deməkdir. Ümumiyyətlə, bu və digər istiqamətlərdə görülən işlər onu göstərir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət yalnız vətəndaşların məmnunluğunu təmin etməkdir. Hazırda həyat mənbəyi olan su təchizatının yaxşılaşdırılması əsas hədəf götürülüb".

Sevinc

0