Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin nəşi ölkəmizə gətirilir.
Hit.az-ın əldə etdiyi məlumata əsasən, onun nəşi axşam saat 21:00 radələrində Azərbaycana gətiriləcək.
Qəhrəmanın nəşinin İsveçdən ölkəmizə gətirilməsi ilə bağlı bütün xərcləri Azərbaycan dövləti üzərinə götürüb. O, vəsiyyətinə uyğun olaraq vətənində dəfn olunacaq. Milli Qəhrəmanın dəfn mərasimi sabah (16 yanvar) saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək. 17 yanvar saat 11:00-da isə Təzəpir məscidində Şahin Tağıyevin yas mərasimi təşkil olunacaq.
Xatırladaq ki, Şahin Tağıyev uzunsürən xəstəlikdən sonra son illərdə yaşadığı İsveçin Malmö şəhərində dünyasını dəyişib. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biri kimi tarixə düşüb. Şahin Tağıyev həm Azərbaycan Xalq Hərəkatının iştirakçısı olub, həm də Qarabağ döyüşlərində geniş iştirak edib. O, “Qurtuluş” batalyonunun əfsanəvi komandiri olub, dəfələrlə yaralanıb, dövlət təltifləri ilə mükafatlandırılıb. Ş.Tağıyev həmçinin Qarabağ Azadlıq Təşkilatının (QAT) yaradıcılarından olub.
Elmir


