“2023-cü ildə rəşadətli Azərbaycan ordusunun uğurlu antiterror əməliyyatı nəticəsində erməni işğalından azad edilən Ağdərə rayonu bu gün özünün intibah dövrünü yaşayır”.
Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində rayon yenidən dirçəlir, yeni infrastruktur şəbəkəsi formalaşdırılır və əhalinin yaşaması üçün müasir memarlıq konsepsiyaları əsasında yaşayış kompleksləri tikilir:
“Bütün bunlar möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və ölkəmizin güclü iqtisadi potensialının göstəricisidir. Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara hər səfəri yeni bir tarixin, yeni bir inkişafın mərhələsi kimi yaddaşlara həkk olunur. Dövlət rəhbərimizin yanvarın 13-də Ağdarə rayonuna səfər etməsi və səfər çərçivəsində yerli sakinlərlə səmimi görüşü müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri olan xalq-lider birliyinin parlaq nümunəsi idi”.
Millət vəkili vurğulayıb ki, ölkə başçımızın öz doğma yurdlarına qayıdan vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirməsi və görülən işlərlə şəxsən yerindəcə tanış olması insanların qəlbində inamı, sabaha olan ümidləri daha da gücləndirir:
“Eyni zamanda, cənab Prezident İlham Əliyevin hər bir sakinin arzusunu dinləməsi, onların sevincinə şərik olması dövlətin vətəndaşa olan diqqət və qayğısının səmimi ifadəsidir. Cənab Prezidentin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər Ağdarə rayonun aydın və işıqlı gələcəyinin planı idi. Dövlət başçısı qeyd etdi ki, 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Dövlətimizin başçısı onu da diqqətə çatdırdı ki, beş il bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərə keçmiş məcburi köçkünlər qayıtmağa başlayıblar”.
Günay Ağamalı qeyd edib ki, Ağdarə rayonu əlverişli coğrafi mövqeyi, zəngin yeraltı sərvətləri, turizm imkanları və geniş kənd təsərrüfatı potensialı ilə diqqət çəkən bölgələrimizdən biridir:
“Ermənilər işğal dövründə rayonun sərvətlərindən maksimum yararlanmağa çalışmış və talançılıqla məşğul olmuşlar. Dövlət rəhbərimizin vurğuladığı kimi, düşmən təkcə “Dəmirli” filiz yatağından 2 milyard dollar və bəlkə də daha artıq mis aparıblar. Həmin xammal Ermənistanda emal edilərək dünya, xüsusilə də Avropa bazarlarına çıxarılmış və əksər Avropa ölkəsi bilərəkdən bu prosesin reallaşdırılmasının bir parçası olub.
Artıq hər şey gedirdə qalıb. Biz öz gücümüz hesabına tarixi ədaləti bərpa etmişik və öz taleyimizə özümüz sahib çıxmağı bacarmışıq. İndi “Dəmirli” filiz yatağı kimi digər qiymətli resurslarımız məhz ölkəmizin, işğaldan azad olunmuş torpaqların inkişafına xidmət edəcək. Orada yeni iş yerləri açılır və doğma torpaqlarımız inkişafın simvoluna çevrilir”.
Elmir Mustafa



