Yüksəkvəzifəli şəxsin köməkçisi kimi təqdim olundu: İş adamının yarım milyon manatını mənimsədi

ÖLKƏ
14:17 / 16.01.2026
54

Bakıda sahibkar Azadxan Xanməmmədova çoxmənzilli yaşayış binasının tikintisinə köməklik edəcəyinə söz verərək ona qarşı külli miqdarda dələduzluq edən Aydın Cəfərovun cinayət işinin məhkəmə baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclas şahid ifadəsi ilə işini davam etdirib.

Rövşən Hüseynov ifadəsi zamanı sahibkar Azadxan Xanməmmədovun müəyyən işlərinin icraçısı olduğunu vurğulayaraq təqsirləndirilən Aydın Cəfərovu tanıdığını deyib.

"Azadxan əmi bina tikintisi ilə bağlı müəyyən sənədləşmə prosedurların həllini mənə həvalə etmişdi. Mən də araşdırdım, bu məsələyə görə Aydın Cəfərovla tanış olub danışdım. O, tikintinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə bağlı sənədlərin həll olunması üçün 500 min manat istədi. Mən bu məbləği Azadxan əmiyə deyəndən sonra onları görüşdürdüm. Məni onunla Ceyhun adlı şəxs tanış etmişdi və Aydın Cəfərovu yüksəkvəzifəli şəxsin köməkçisi kimi təqdim etmişdi".

Şahid daha sonra təqsirləndirilən şəxsə tələb olunan məbləğin verilməsi ilə bağlı məsələyə toxunaraq bildirib.

"Pulu verəndə Müşfiq və Ceyhun dedilər ki, Aydın müəllim kimisə qəbul etmir, pulu biz götürərik. Azadxan əmi həmin məbləği onlara verdi".

Bundan bir müddət sonra zərərçəkən iş adamına Aydın Cəfərov tərəfindən zəng olunaraq sənədlərə görə daha 225 min manat tələb edilib.

Tərəflərin münasibəti də bundan sonra pozulub. Azadxan Xanməmmədov verdiyi pulu geri istəsə də, məbləğ qaytarılmayıb.

Növbəti proses fevralın 13-ə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq 2024-cü ilin yanvarında "Azland Residence" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 96F ünvanında çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyi ilə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.

O, Azadxan Allahqulu oğlu Xanməmmədova dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri ilə işgüzar əlaqələrinin olduğunu deyib, eləcə də özünü Azərbaycan Respublikasının ali orqanının yüksəkvəzifəli şəxsinin qeyri-rəsmi köməkçisi kimi təqdim edib.

"Alliance Plaza"dakı ofisində görüşləri və telefon danışıqları zamanı Azadxan Xanməmmədovdan çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına görə, özü və Müşfiq Muradovun vasitəsilə birbaşa 500 000 manat məbləğində pul vəsaitini alıb.

Daha sonra təqsirləndirilən şəxs tikiləcək çoxmənzilli yaşayış binasının eskiz layihəsinin çəkilməsinin zəruri olduğunu və həmin eskizi çəkdirəcəyinə inandıraraq Azadxan Xanməmmədovdan 6 min manat alıb.

Beləliklə, Aydın Cəfərov etibardan sui-istifadə etmə yolu ilə Azadxan Xanməmmədova məxsus 506 000 manat məbləğində pulu mənimsəyərək ona qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, cinayət işində adları hallanan Ceyhun adlı şəxs hazırda başqa cinayət əməlinə görə həbsdədir, Müşfiq Muradov isə ölkə hüdudlarından çıxdığı üçün onu istintaqa cəlb etmək mümkün olmayıb.

0