Bakıda gölləri kimlər yox edib?

ÖLKƏ
18:27 / 17.01.2026
50

“Bilirsiniz ki, Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur ki, bunlar da təbii olaraq sutoplayıcı funksiyalara malikdir. Amma 2014-cü illə 2025-ci illər arasında burada bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunmuş, tikintilər aparılmışdır”.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib. "Bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bölgələrin və bu ərazilərin subasmaya məruz qalmasını şərtləndirir", - deyə Z.Mikayılov bildirib.

Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli isə Musavat.com-a bildirib ki, ölkədə tikinti sektoruna nəzarət edən 14-ə yaxın dövlət və hökumət orqanı var. Onun sözlərinə görə, nəzarətdən kənar gölləri qurudub tikinti aparmaqda müəyyən yüksək rütbəli məmurların marağı olub:

“Belə hadisələrə görə konkret cəzalandırılan şəxslər olmalıdır. Nəzarətedici orqanların gözündən bu dərəcədə yayınmaq mümkün deyil. Cəza mexanizmi olmalıdır ki, digərlərinə də dərs olsun. Belə hadisələrin qarşısını almaq üçün illərdir təklif etdiyimiz kimi, böyük şəhər bələdiyyələri yaradılmalıdır. Bütün proseslər bir mərkəzdən idarə olunmalıdır. O zaman cavabdehlər də, məsuliyyət də, səlahiyyət də bilinəcək. İndi məsuliyyəti olanın səlahiyyəti yoxdur, səlahiyyəti olanın məsuliyyəti yoxdur. Bu da kifayət qədər ciddi problem yaradır”.

Hüquqşünas Polad Mehdiyev də bildirib ki, Bakı və Abşeron yarımadasında göllərin qurudulması və həmin ərazilərdə tikinti aparılması qanunvericiliyinin birbaşa pozuntusu hesab olunur:

“Su Məcəlləsinin 3-cü və 24-cü maddələrinə əsasən göllər dövlət mülkiyyətində olan su obyektləridir. Onların qurudulması, doldurulması və ya təbii vəziyyətinin dəyişdirilməsi yalnız qanunla müəyyən edilmiş qaydada və səlahiyyətli dövlət orqanlarının razılığı ilə mümkündür. Bu prosedurlara əməl olunmadan aparılan hər hansı müdaxilə qanunsuzdur. Göllərin yerləşdiyi ərazilər Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən su fondu torpaqları sayılır. Həmin torpaqlar özəlləşdirilə bilməz və yaşayış, kommersiya və ya digər tikinti məqsədləri üçün verilməsi yolverilməzdir. Bu ərazilərdə aparılan tikintilər, hüquqi baxımdan, torpaq sahəsinin özbaşına tutulması və özbaşına tikinti kimi qiymətləndirilir.

Eyni zamanda, göllərin məhv edilməsi “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun tələblərinə ziddir. Qanunun 4-cü, 14 və 51-ci maddələrinə əsasən təbii ekosistemlərə zərər vurulması qadağandır və vurulmuş ekoloji zərər tam həcmdə ödənilməlidir, həmçinin mümkün olduqda ərazi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Belə qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsi ilə 244 və 247 -ci maddələrinə əsasən cərimələr, tikintinin dayandırılması və söküntü tədbirləri nəzərdə tutulur. Əgər gölün məhv edilməsi əhəmiyyətli ekoloji zərərə səbəb olubsa, bu halda Cinayət Məcəlləsinin ekoloji cinayətlərə dair maddələri üzrə cinayət məsuliyyəti də yarana bilər. Qanunsuz torpaq ayrılması və ya icazə verilməsi hallarında buna yol verən vəzifəli şəxslər də hüquqi cavabdehlik daşıyır”.

0