20 Yanvar: “Azərbaycan xalqının qürur günüdür”

ÖLKƏ
10:30 / 20.01.2026
157

“20 Yanvar tarixi yüz illər belə keçəndən sonra yad olunacaq”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 20 Yanvar Azərbaycan xalqının qürur günüdür:
“1990-cı ildə Sovet İmperiyasının qoşunlarının hücumu nəticəsində qadın, uşaq, yaşlı demədən yüzdən çox insan qətlə yetirildi. Onların hər birinin xatirəsi hər zaman yad olunmalıdır. Ona görə 20 Yanvar hüzn və kədər günüdür. Lakin eyni zamanda 20 Yanvar Azərbaycan xalqı üçün qürurverici bir gündür. Həmin gün Azərbaycan milləti qorxmadan meydanda oldu və bütün dünya xalqımızın gücünü gördü. O gün Azərbaycan xalqı özünün necə millət olduğunu və qədim dövlətçilik tarixini bir daha nümayiş etdirdi”.

Siyasətçi qeyd edib ki, heç nə Azərbaycan xalqının müqavimətini sındıra bilmədi:
“Azərbaycan xalqı 21 yanvar günü də meydanlarda idi. Səhərisi gün bütün küçələr insanlarla dolu və xalq heç nədən qorxmadığını sübut etdi. Şəhidlərin dəfninə 1 milyondan artıq insan çıxdı. Bu Sovet imperiyasına öz gücünü nümayiş etdirmək və ölümə qalib gəlmək idi. Ona görə hesab edirəm ki, 20 Yanvar Azərbaycanın ən şanlı səhifələrindən biridir. Bu, Azərbaycanın müstəqilliyinin bərpa olunmasına doğru gedən yolun ilk təşəbbüs kimi dəyərləndirilməlidir. Dövlətçiliyimizin bərpası prosesi ordan başladı və nəhayət ki, 1991-ci ildə o proses müstəqilliyimizin bərpa olunması ilə nəticələndi. 2020 və 2023-cü ildə ərazi bütövlüyümüzün bərpa olunması prosesi məhz 20 Yanvardakı iradə ilə başladı”.

Partiya sədri vurğulayıb ki, bunların hamısının kökündə 20 Yanvar iradəsi dayanırdı:
“Xalqımız bütün dünyaya öz gücünü nümayiş etdirdi. Bu baxımdan həmin gün çox əhəmiyyətlidir. Millətimiz həmin gün birləşdi. Həmçinin, bütün dünyada Azərbaycan xalqının birlik günü idi. Ona görə də bunları heç vaxt yaddan çıxarmarıq. 20 Yanvar böyük qələbə və güclü iradənin nümayişi kimi həmişə insanların xatirəsində qalacaq”.

Elmir Mustafa


 

0