Azərbaycanın su anbarlarında nə qədər ehtiyat var?

ÖLKƏ
22:34 / 21.01.2026
46

Azərbaycanda hazırda qış fəslinin olmasına baxmayaraq, ölkənin əsas su anbarlarında 16,5 milyard kubmetr su ehtiyatı toplanılıb.

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sərvan Ağayev bildirib.

Onun sözlərinə görə, qış aylarında temperaturun aşağı olması nəticəsində dağlıq ərazilərdə formalaşan qar və yağış ehtiyatlarının donması çaylara daxil olan su həcminin azalmasına səbəb olur: "İlin bu dövründə su anbarlarında suyun həcminin nisbətən az olması təbiidir. Yaz aylarında havanın temperaturu yüksəldikcə qar və yağış ehtiyatı əriyir, çayların sululuğu artır. Bu səbəbdən su anbarlarında ehtiyatların əsas toplanma dövrü yaz və yay aylarına, yəni gursululuq mərhələsinə təsadüf edir. Toplanan su ehtiyatları isə yaz və yay aylarında suya tələbatın yüksək olduğu vaxtlarda təsərrüfatlara verilir".

S. Ağayev əlavə edib ki, su anbarları əsasən çay məcralarında inşa edilib və bu qurğuların məqsədi təkcə su ehtiyatlarının toplanması deyil, eyni zamanda çaylardan gələn sel və daşqın sularının tənzimlənməsi və zərərsiz ötürülməsidir.

"Sel və daşqın sularının təhlükəsiz ötürülməsi üçün yerli istismar idarələri mütəmadi olaraq mühafizə bəndlərində möhkəmləndirmə, çay məcralarında isə təmizləmə işləri aparır. Su ehtiyatlarının idarə olunması və təhlükəsiz ötürülməsi daim diqqət mərkəzində saxlanılır, sel-daşqın halları zamanı isə yerli qurumlarla birgə zəruri tədbirlər görülür", – deyə o, qeyd edib.

0