Menyuda dəvə, qutabda...

ÖLKƏ
23:59 / 24.01.2026
50

“Dəvə qutabı” Abşeron mətbəxinin ən məşhur təamlarından sayılır. Elə bu səbəbdəndir ki, son vaxtlar menyusuna dəvə qutabını daxil edən restoranların sayı artmaqda idi. Lakin qutabın həqiqətən dəvə ətindən hazırlanması tez-tez müzakirə mövzusu olub. Hətta ötən il 25 ildir dəvə saxlayan Maştağa sakini Firdovsi Axundov mətbuata açıqlamasında “restoran var ki, ildə bir dəfə dəvə əti alıb aparır, amma ilin bütün fəsillərində dəvə qutabı satır”, - deyə bildirmişdi. 

Ötən həftələrdə də müğənni Üzeyir Mehdizadə bildirdi ki, dəvə qutabı yemək üçün restorana gedib, amma ona adi ət qutabı verilib: “Mənə dedilər, adını dəvə qutabı qoymuşuq ki, gəlib yeyəsiniz. Yəqin ki, dəvə qutabı var, amma mən yeməmişəm”.

Məsələ AQTA-nın da diqqətindən yayınmayıb. Agentliyin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində növbəti reydlər aparıb. Yoxlama zamanı “Dostluq” restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb. Həmçinin “Santo Mare”, “Duyğu”, “Şərur”, “Regnum” və “Oregano” restoranlarının menyularından “dəvə qutabı”nın çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. “Antalya” restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu məlum olub. Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin “dəvə qutabı” adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Yəni, yoxlamalar zamanı müəyyən edilib ki, təqdim olunan qutablar əslində dəvə ətindən deyil, digər növ ət məhsullarından hazırlanıb. 

Maraqlıdır, dəvə ətinin digər növ ət məhsullarından fərqi nədir?

Dəvə ətinin spesifik xüsusiyyətlərindən biri onun dadının şirin olmasıdır. Məhz bu səbəbdən iddia edilir ki, mal ətinə şəkər qatılıb dəvə əti kimi təqdim edilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssislərinin açıqladığı məlumata görə, dəvə ətinin tərkibi 66-79% su, 20-23% protein, 3.5-4.0% yağ, azotsuz ekstraktiv maddələr və digər bioloji aktiv maddələrdən təşkil olunub. Dəvə əti qidalılıq dəyərinə görə mal ətinə yaxın olsa da, tərkibində yağların, xüsusilə xolesterolun miqdarının nisbətən az olması ilə fərqlənir ki, bu da onun müsbət bioloji xüsusiyyəti kimi qiymətləndirilə bilər. Ətin konsistensiyası möhkəm və şirəli, rəngi tünd qırmızı və ya qəhvəyi-qırmızı çalarlı olub, pH dəyəri 5.7-6.0 arasında dəyişir. 

Qida eksperti Seymur Qafarov deyir ki, ictimai iaşə müəssisələrində əyləşən hər bir istehlakçının hüququdur ki, dəvə qutabı adı ilə təqdim olunan məhsulun həqiqətən də dəvə ətindən hazırlanıb-hazırlanmamasını öyrənsin: “Qanunun tələblərinə uyğun olaraq, heç bir istehsalçı istehlakçını aldatmamalıdır. Ət məhsullarının mənşəyi dəqiq şəkildə təqdim edilməlidir. Həmçinin müəssisələr məhsulun qəbulu zamanı baytarlıq şəhadətnamələri və arayışları əldə etməli, burada heyvanın mənşəyi və laborator analiz nəticələri, təhlükəsizlik parametrləri əks olunmalıdır. İstehlakçının hüququdur ki, dəvə qutabı adı ilə təqdim olunan məhsulun həqiqiliyini tələb etsin. Bunun üçün mütləq satışını həyata keçirən istehsalçıdan və ya müəssisədən baytarlıq şəhadətnaməsini tələb etməlidir. Bu sənəd vasitəsilə ətin mənşəyi haqqında dəqiq məlumat əldə etmək mümkündür”.

Mütəxəssis vurğulayır ki, ölkəmizdə dəvə əti bazarı çox geniş deyil. Buna görə də vətəndaşların diqqətsizliyi bəzi müəssisələrin məhsulu dəvə əti adı altında satmasına səbəb olur: “Bu halların qarşısını almaq üçün paketlənmiş dəvə ətləri mütləq etiket məlumatları ilə təqdim edilməlidir. İstehlakçılar bu etiket məlumatlarını diqqətlə yoxlamalıdırlar”.

Mütəxəssisin sözlərinə görə, əgər menyuda dəvə qutabı qeyd edilib, lakin ətin mənşəyi fərqlidirsə, bu, qida təhlükəsizliyi baxımından birbaşa risk yaratmır:  “Belə ki, ət 75°C temperaturda ən azı iki dəqiqə bişdikdə, onun tərkibində ola biləcək bakteriya və digər çirklənmə riskləri aradan qalxır. Bu baxımdan, istehlakçı sağlamlığı üçün təhlükə minimaldır. Lakin bu vəziyyət qida saxtakarlığı kimi qiymətləndirilir və istehlakçının hüquqları pozulur. Bu, qida məhsulunun etik və qanuni tələblərə uyğun təqdim edilməməsi halıdır və ciddi hüquqi məsuliyyət daşıyır”.

Həmsöhbətimizin ictimai iaşə obyektlərində dəvə qutabını digərlərindən fərqləndirməyin yollarını da bölüşdü: “İstehlakçıların diqqət yetirməli olduğu əsas məqamlar bunlardır: əgər ətin özündə dəvə ətinə xas yağlılıq, spesifik rəng və bişdikdən sonra açıq rəng alma xüsusiyyəti yoxdursa və ya dəvəyə xas qoxu hiss olunmursa, bu, həmin ətin mal əti olduğunu göstərir. Bişmiş qutabın ətini laborator və fizioloji göstəricilərinə görə ayırd etmək mümkündür. Bişdikdən sonra ətin rəngi və qoxusu əsas indikatorlardır. Çiy halda isə ətlərin görüntüsü fərqlidir. Mal əti daha açıq çəhrayı, dəvə əti isə tünd rəngdə olur. Bişdikdən sonra isə dəvə əti açıq rəng alır. Bundan əlavə, ətin yağlılığı da fərqləndirici göstəricidir. İstehlakçı mal ətinə nisbətən dəvə ətinə xas olan yağlılıq və digər xüsusiyyətləri hiss edə bilər. Bu göstəricilər, həm vizual, həm də hissiyyatla məhsulun mənşəyini təyin etməkdə yardımçı olur”.

Mənbə: "Kaspi" qəzeti
 

0