Hər il ali təhsil müəssisələrinə qəbul imtahanları yaxınlaşdıqca cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də imtahan suallarının səviyyəsidir.
Abituriyentlər aylarla, bəzən illərlə hazırlaşdıqları bu mühüm sınaqda sualların asan, yoxsa çətin olacağını, əvvəlki illərlə müqayisədə hansı dəyişikliklərin ediləcəyini böyük maraqla gözləyirlər. Valideynlər isə övladlarının əməyi və gələcək taleyi ilə birbaşa bağlı olan bu imtahanların nə dərəcədə ədalətli və obyektiv keçiriləcəyini düşünür, mümkün riskləri əvvəlcədən qiymətləndirməyə çalışırlar.
Digər tərəfdən, təhsil üzrə ekspertlər, müəllimlər və repetitorlar hər il imtahan modelində baş verən yenilikləri, proqram dəyişikliklərini və qiymətləndirmə meyarlarını təhlil edərək öz proqnozlarını irəli sürürlər. Yəni qəbul imtahanları ilə bağlı gözləntilər və ehtimallar təkcə abituriyentləri deyil, ümumilikdə cəmiyyəti maraqlandıran aktual mövzuya çevrilir.
Maraqlıdır, 2026-cı ildə keçiriləcək qəbul imtahanlarında sualların asan, yoxsa çətin olacağı proqnozlaşdırılır? Əsas gözləntilər nələrdir?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Hit.az-a açıqlama verib.
O bildirib ki, hər il qəbul imtahanlarından əvvəl cəmiyyətdə belə suallar yaranır:
“İlin əvvəlindən etibarən valideynlər, müəllimlər və yaxud da təhsil ictimaiyyəti tərəfindən “filan suallar çətin olacaq”, “filan suallar asan olacaq” deyə fikirlər formalaşır. Amma nəticə etibarilə, Dövlət İmtahan Mərkəzi suallarda səviyyəni qoruyub saxlayır. Yəni burada sualların ağırlıq səviyyəsindən söhbət gedir. Əvvəlcədən imtahan suallarının hansı səviyyədə olacağı ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Lakin əvvəlki illərə nəzər salanda sualların çətinlik səviyyəsinin dəyişmədiyini görə bilərik. Əvvəlki illərdə suallar hansı səviyyədə olursa, növbəti ildə də təxmini həmin səviyyədə olur”.
Ekspertin sözlərinə görə, sualların çətin və ya asan olması abituriyentlər üçün bir o qədər əhəmiyyət kəsb etmir:
“Çünki hamı bərabər şərtlərlə müsabiqəyə buraxılır. Yəni demək olar ki, imtahanlarda sualların ağırlığı dəyişmir. Beləliklə, hər kəs bərabər şərtlər altında müsabiqəyə daxil olur. Məsələn, hansısa ixtisas yeri üzrə 20 plan yeri ayrılıbsa, ora 50 nəfər sənəd verirsə, burada ən çox bal yığan 20 nəfəri götürülürlər. Burada sualın çətin və yaxud da asanlıq səviyyəsi yox, müsabiqəyə abituriyentlərin bərabər şərtlər altında daxil olması əsas məsələdir”.
Rizvan Fikrətoğlu bir daha vurğulayıb ki, belə şəraitdə əvvəlcədən nə tip sual düşəcəyini proqnozlaşdırmaq mümkün deyil:
“Çünki burada suallar seçilərkən də adətən belə olur: 30 sual salınmalıdırsa, bunun 10-u asan, 10-u orta, 10-u da çətin olur. Asan və orta sualı normal hazırlığı olan abituriyent yaza bilir, amma çətin sualı normal abituriyent yaza bilmir. Bu da daha yüksək bal yığan abituriyenti fərqləndirmək üçündür. Ancaq yenə də müsabiqə şərti eynidir. Yəni ixtisas seçimi zamanı kiməsə əlavə imkanlar verilmir. Toplanılan bal əsasında ixtisas seçimi həyata keçirilir. Abituriyentlərin imtahana daha ciddi hazırlaşması əhəmiyyət daşıyır”.
Elmir Mustafa



