Otellər boş qalıb: ŞOK SƏBƏBLƏR

ÖLKƏ
15:05 / 27.01.2026
166

2025-ci ildə Azərbaycanda mehmanxana və otel tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə cəmi 24,4 faiz təşkil edib. 

Bu göstərici 2024-cü illə müqayisədə cüzi artım göstərsə də (24,0 faiz), real mənzərə turizm sektorunda ciddi boşluqların qaldığını ortaya qoyur. Faktiki olaraq, rəsmi statistikaya görə, ötən il ölkə üzrə hotellərdə mövcud yerlərin 75 faizdən çoxu istifadəsiz qalıb. Bu vəziyyət həm daxili, həm də xarici turizm axınının gözlənilən səviyyəyə çatmadığını göstərir. Xüsusilə regionlarda fəaliyyət göstərən hotellər aşağı doluluq problemi ilə üzləşib. Mütəxəssislər bunu qiymət siyasəti, mövsümi asılılıq və xidmət keyfiyyəti ilə əlaqələndirirlər. 

Turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında bildirib ki, bunun səbəbini təkcə bir amillə izah etmək olmaz:


“Məsələn, otellərdə qiymətin baha olması yeganə səbəb deyil. Burada bir neçə faktor mühüm rol oynayır. Əsasən xarici turistlərin sayının dəyişməsi və regiondakı geosiyasi vəziyyət, xüsusilə yaxın bölgələrdə baş verən toqquşmalar və müharibələr hava məkanının qismən bağlı olması və səyahət planlarına təsir edib. Bunun xüsusilə Körfəz ölkələri və İran kimi əsas bazarlardan gələn turistlərə mənfi təsir göstərdiyini deyə bilərik”.

Ekspert qeyd edib ki, otel qiymətləri bəzən yerli gəlirlərlə uyğun gəlmir:
“Bu zaman insanlar daha əlverişli alternativ olan qısamüddətli kirayəyə verilən mənzillərə və ya ucuz hostellərə yönəlirlər. Bu faktor yerli və xarici turistlərin seçimlərinə təsir edir. Həmçinin, turizm mövsümünün xarakterik olması da səbəblər sırasındadır. Statistik göstəricilər ümumi illik deyil, müəyyən ayları əhatə edir. Qış və qeyri-mövsüm dövrlərində hotellərin doluluğu təbii olaraq aşağı olur, bu da statistikada boşluqları daha yüksək göstərir”.

Rəhman Quliyev diqqətə çatdırıb ki, otellərdə qiymətlərin nisbətən baha olması statistikaya müəyyən təsir göstərir:
“Amma statistik məlumatlara əsaslansaq görərik ki, xarici turistlərin azalması və gərgin geosiyasi vəziyyət turizm sektorunun zəifləməsində daha çox əsas rol oynayan səbəblərdən biridir. Qiymət faktoru əsasən yerli turist bazarında özünü daha çox göstərir. Buna baxmayaraq, xaricdən gələnlərin azalması əsas doluluq problemlərinə səbəb olur”.

Pərviz

0