“Sağlam ailə modeli, ailə dəyərləri və həmin dəyərlər çərçivəsində yetişdirilən uşaqlar Azərbaycan xalqının genetik kodlarından gələn qanunauyğunluqdur”.
Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, uşaqlar cəmiyyətin gələcəyidir və bu fakt bütün ölkələr üçün spesifik xüsusiyyətdir:
“Məhz bu səbəbdən onların hüquqlarının müdafiəsi istiqamətində həm ölkə qanunvericiliyi çərçivəsində, həm də beynəlxalq hüquq normaları kontekstində işlək mexanizmlər formalaşdırılıb. Həmin mexanizmlər qarşılıqlı fikir mübadiləsi fonunda tətbiq edilir.
Azərbaycanda uşaq hüquqlarının qorunması, onların sağlam, təhlükəsiz və hərtərəfli inkişafının təmin edilməsi məqsədilə ardıcıl və sistemli dövlət siyasəti həyata keçirilir. Mövcud baza olduqca geniş və əhatəlidir. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasət uşaqların gələcəyinin etibarlı və layiqli şəkildə təmin olunmasını əsas prioritetlərdən biri kimi müəyyən edir”.
Millət vəkili qeyd edib ki, ən yüksək səviyyədə qurulan uşaq bağçaları, məktəblər, valideyin himayəsindən məhrum olan uşaqlar üçün sığınacaqlar, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara göstərilən tibbi xidmət və yaradılan şərait məhz onların hüquqlarının müdafiəsinin tərkib hissəsidir:
“Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, sözügedən istiqamət üzrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin təcrübəsi və təşəbbüsləri var. Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr uşaq hüquqlarının müdafiəsinə hümanist və mərhəmət dolu yanaşmanın bariz nümunəsidir. Talassemiya, leykoz, autizm kimi xəstəliklərdən əziyyət çəkən körpələrin mülacələri məhz birinci xanımın hümanist yanaşmasının təsdiqidir”.
Partiya sədri diqqətə çatdırıb ki, mövcud situasiya hər zaman yenilənməyə və təkmilləşdirilməyə ehtiyac durur:
“Bu mənada Milli Məclis səviyyəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Ən son olaraq “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi bu istiqamətdə qurulan mexanizmin interaktivliyinin bariz nümunəsidir. Gələcəyimizin qarantı olan uşaqlarımızın sağlam mühitdə yaşaması, inkişaf etməsi, dövlətə və dövlətçiliyimizə layiq fərdlər kimi yetişməsi üçün bundan sonra da bütün gücümüzü səfərbər edəcəyik”.
Elmir Mustafa



