Tibb universitetləri bağlanacaq?

ÖLKƏ
21:19 / 31.01.2026
39

Amerikalı milyarder İlon Maskın son açıqlaması yenidən beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. Belə ki, o bildirib ki, robotlar yaxın gələcəkdə ən peşəkar insan cərrahlarını belə əvəz edə biləcək səviyyəyə çatacaq. Hətta Maskın iddiasına görə, texnologiyanın inkişaf tempi elə sürətlidir ki, gələcəkdə tibbi təhsil almağa ehtiyac belə qalmaya bilər.İlon Mask Tesla şirkətinin humanoid robotu Optimus və süni intellekt texnologiyalarının inkişafını əsas gətirərək vurğulayıb: “Bu robotlar 3 il ərzində ən yaxşı insan cərrahlarından daha yaxşı əməliyyatlar apara biləcək səviyyəyə gələcək. Tibb fakültəsinə getməyin artıq mənası yoxdur".

Bəs həqiqətənmi süni intellekt və robot texnologiyalarının bu sürətli inkişafı tibbdə insan cərrahlarının rolunu əhəmiyyətli dərəcədə dəyişdirə, hətta tibbi təhsilin əhəmiyyətini azalda bilər?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a danışıb. Professor qeyd edib ki, süni zəkanın qarşıda görəcəyi çox böyük işlər var:

"Bu artıq müzakirə mövzusu deyil, reallıqdır. Amma bir həqiqət də var ki, yaradıcı təfəkkür, qərarvermə instinkti, vəziyyəti anlıq qiymətləndirmə bacarığı hələ də insana məxsus xüsusiyyətlərdir. Məhz buna görə süni intellekt insanı tam və total şəkildə əvəz edə biləcək səviyyəyə hələ çatmayıb və yaxın perspektivdə də bu, real görünmür. Lakin bu gün tibb sahəsində, xüsusən də cərrahlıqda baş verən yeniliklər həqiqətən inqilabi xarakter daşıyır. Robotik cərrahiyyə artıq sürətlə inkişaf edən bir istiqamətdir. Bir çox əməliyyatlar var ki, həkim başqa otaqdan komanda verir, robot isə həmin əmrləri yüksək dəqiqliklə icra edir. Üstəlik, robot toxumalarla işləyərkən daha incə, daha sabit və daha dəqiq hərəkətlər edir. İnsan əlində olan titrəmə, yorğunluq, emosional gərginlik kimi amillər robotda yoxdur. Bu isə əməliyyatların təhlükəsizliyini və dəqiqliyini artırır".

"Bəs bu halda həkimin rolu qalırmı" sualına Adil Qeybulla bu cür cavab verib:

"Əlbəttə qalır. Həkim olmadan robot heç nə edə bilməz. Robot qərar vermir, yalnız icra edir. Bu gün robot cərrahiyyəsinin arxasında duran əsas beyin yenə də insandır – cərrahın biliyi, təcrübəsi və nəzarətidir. Amma gələcəyə baxdıqda fərqli mənzərə təsəvvür etmək mümkündür. Süni zəka sistemlərinə xəstənin bütün tibbi məlumatları – analizləri, görüntüləmələri, genetik göstəriciləri, xəstəlik tarixçəsi, həyat tərzi və digər faktorlar ötürüldükdən sonra bu məlumatlar emal ediləcək, təhlil olunacaq və xəstənin vəziyyəti haqqında çox real, obyektiv və kompleks təsəvvür formalaşacaq. Bu mərhələdə robotun artıq yalnız icraçı yox, həm də müəyyən dərəcədə qərarverici kimi çıxış etməsi mümkün görünür. Bu, məntiqi və gözlənilən proqnozdur.

Ola bilər ki, gələcəkdə cərrahiyyənin bəzi sahələri tamamilə robotik cərrahiyyə ilə əvəz olunsun. Xüsusən də standart, təkrarlanan və yüksək dəqiqlik tələb edən əməliyyatlarda bu daha realdır. Lakin bütövlükdə tibbdə həkimə ehtiyacın aradan qalxması hələlik real görünmür. Bu baxımdan, İlon Maskın səsləndirdiyi fikirlər müəyyən qədər mübahisəli görünsə də, onların arxasında ciddi məntiq var. Proseslər doğrudan da bu istiqamətdə inkişaf edir və robotik cərrahiyyənin gələcəkdə daha böyük rol oynayacağı artıq şübhə doğurmur".
 

0