Emin Əmrullayev təhsil naziri təyin ediləndə, ümid edilirdi ki, o, qərb təhsili təcrübəsini ölkəmizə transfer edəcək.
Cəmiyyətində belə bir inam var ki, əgər məmur qərbdə oxuyubsa, o, modern düşüncəli, peşəkar idarəçidir, xarici təcrübəni ölkəmizə gətirəcəkdir. Bu mənada, ABŞ universitetinin məzunu təhsil naziri təyin ediləndə, cəmiyyətdə ümid yaranmışdı ki, təhsildəki köhnə reflekslər sarsılacaq, məktəb idarəetməsi yenilənəcək, müəllimlər sosial baxımdan güclənəcək, şagirdin düşüncə sistemi dəyişəcəkdir.
Amma heç kim soruşmadı ki, nazirin hər hansı inkişaf proqramı və strategiyası varmı? Peşəkarlardan ibarət komandaya malikdirmi? Çünki ondan əvvəlki 3 nazir təhsili pis hala gətirmişdilər bəs bu nə edəcəkdir?
Onun 66 aylıq nazirlik müddəti göstərdi ki, bu suallara aydın cavab vermədən, yalnız ABŞ diplomunun kölgəsinə sığınaraq təhsil islahatları aparmaq mümkün deyil. Zaman keçdikcə nəinki islahat, əksinə olaraq deqradasiya baş verdi: müəllim nüfuzu sarsıldı, məktəb daha bürokratik oldu, müəllim öz peşəsinin daşıyıcısı deyil, hesabat dolduran icraçı kimi təqdim edildi.
Xaricdə oxumuş kadr “daha yaxşı sistem gətirəcək” gözləntisi, əksinə olaraq sistemin sütunu olan müəllimi zəiflətdi.
Problemlər əslində şəxsdə deyil, idarəetmə fəlsəfəsində idi. Məsələ də nazirin kimliyində deyil. Azərbaycan təhsili uzun illərdir müəllim mərkəzli inkişafı yox, idarəetmə mərkəzli və ciddi nəzarət modeli üzərində qurulub.
Bu modelin məntiqi belədir: müəllimə güvənmə, müəllimi nəzarətdə saxla, nəticəni testlə ölç, məktəbi hesabatla idarə et. Belə sistemlərdə müəllim inkişaf etmir, müəllim qorxur. Qorxan müəllim isə nə yaradıcı ola bilər, nə də tərbiyə verər. O, sadəcə dərsini tamamlayıb, tez evinə getmək barədə düşünər. Təhsilin faciəsi də burada başlayır.
ABŞ modeli nədir və niyə bu model səhv başa düşüldü?
Nazir ölkəmizə ABŞ təcrübəsini gətirməli idi, bəs niyə müəllimi belə nüfuzdan saldı? ABŞ məktəblərində zorakılıq, silahlı hücumlar, müəllim və şagirdlərin təhlükəsizliyi problemləri aktualdır. Lakin bu, ABŞ təhsilinin ənənəsi deyil — bu, ABŞ cəmiyyətinin sosial böhranıdır.
ABŞ təhsil sistemindən transfer edilməli təcrübə akademik azadlıq, müəllim statusunun hüquqi qorunması, məktəb psixologiyası və davranış idarəetməsi, tənqidi düşünmə, məktəbdə komanda mədəniyyəti, direktorların liderlik məktəbi, müəllimin karyera inkişafı modeli idi.
Biz isə pis təcrübə götürdük: rəqabət, test mərkəzli düşüncə, sertifikatla müəllimi sıxışdırmaq, onu ictimai mühakiməyə çıxarmaq.
Yəni, ABŞ-dan təhsilimizə “keyfiyyət” deyil, “stress” transfer olundu.
Müəllimi nüfuzdan salmaqla təhsili modernləşdirmək olmaz.
Ən böyük yanlışlıq budur: guya təhsili inkişaf etdirmək üçün müəllim korpusunu “təmizləmək”, “filtrləmək”, “imtahanla sıxmaq”, “ictimai qınaqla idarə etmək” lazımdır. Bu antipedaqoji yanaşma müəllimə belə bir mesaj verir: sən potensial korrupsionersən, savadsızsan, etibarsızsan, daim yoxlanmalısan.
Bu mesaj müəllimi inkişaf etdirmir, müəllimi psixoloji məhv edir.
Müəllimin nüfuzu cəmiyyət qarşısında sındırıldıqda şagird beynində belə bir fikir yaranır ki, müəllim şəxsiyyəti heç də dəyərli deyil. Məhz bu dəyərsizləşdirmə müəllimə qarşı zorakılığın ideoloji bazasını yaratdı.
Fiziki güllə ani hadisəsidir, amma müəllim nüfuzuna atılan güllələr illərlə davam etdi.
Təhsildə ən təhlükəli “innovasiya” müəllimin “idarə olunan obyekt”ə çevrilməsidir.
Son illər təhsildə “islahat” adı ilə aparılan proseslər müəllimin statusunu artırmadı, əksinə onu sistemin ən zəif həlqəsinə çevirdi.
Bu prosesin nəticəsində müəllim “təhsil lideri” yox, “imtahan iştirakçısı” oldu, “peşəkar” yox, “zəif kadr” kimi təqdim edildi, “milli gələcəyin qurucusu” yox, “problemlərin mənbəyi” kimi göstərildi. Belə yanaşma müəllimi cəmiyyətdə alçaltdı, belə müəllim məktəbdə zəifləyir.
Təhsil naziri qərbdə oxuyubsa, niyə təhsilimizə qərb düşüncəsini gətirə bilmədi?
Xarici təhsil modern idarəetmə düşüncəsi deyil.
Qərb universiteti insanı iki istiqamətdə yetişdirə bilər:
1. Liberal, humanist, müəllimə hörmət edən təhsil fəlsəfəsində.
2. Korporativ menecerlik düşüncəsində.
Əgər təhsilə “insan kapitalı” yetişdirmə sistemi kimi yox, “idarəetmə sistemi” kimi baxılarsa, o zaman məktəb canlı orqanizm deyil, idarə olunan mexanizm olur.
Bu zaman müəllim belə “mexanizmin vintləri” olur. Vint isə hörmətə layiq deyil, vint dəyişdirilir.
Təhsildəki böhran idarəetmə böhranıdır. Azərbaycan təhsilinin problemi müəllimdə deyil, müəllimə olan səhv baxışdadır. Azərbaycan təhsilinin problemi məktəb deyil, məktəbi yanlış idarəetmə fəlsəfəsidir.
Əgər müəllim qorunmursa, müəllim güclənmirsə, müəllim cəmiyyətin gözündə nüfuz sahibi deyilsə, heç bir kurikulum, heç bir platforma, heç bir rəqəmsal məktəb, rəqəmsal transformasiya təhsili xilas edə bilməz.
Çünki təhsilin mahiyyəti binada deyil, müəllimdədir. ABŞ diplomu hələ uğurlu təhsil islahatı demək deyil. Cəmiyyət ABŞ diplomunu “xilas jileti” kimi qəbul etdi. Əslində isə menecerin diplomu təhsili xilas etmir, təhsili idarəetmə fəlsəfəsi xilas edir.
Əgər idarəetmə müəllimi gücləndirmirsə, onu qorxmayan, sərbəst, yaradıcı, nüfuzlu şəxs etmirsə — o idarəetmə təhsil deyil, təhsilin imitasiyasıdır, dekorasiyadır.
Müəllim nüfuzdan düşəndə təkcə müəllim uduzmur, həm də gənclik, gələcək, ölkə, dövlət uduzur.
Bu səbəbdən, müəllimə atılan güllə həm cinayət aktıdır, həm də illərlə davam edən yanlış idarəetmə fəlsəfəsinin ağrılı nəticəsidir.
Dosent İlham Əhmədov


