Tarix üzrə fəlsəfə doktoru Akif Nağının “Azərbaycan dövlətinin tarixi (Qədim dövrlərdən erkən orta əsrlərə qədər)” adlı monoqrafiyası ingilis dilində ABŞ-nin Boston şəhərində çapdan çıxıb.
Akif Nağının bundan öncə, 2025-ci ildə 600 səhifəlik “Azərbaycan tarixi (Ən qədim zamanlardan müasir dövrədək)” adlı kitabı çapdan çıxıb və Bostonda çap olunan monoqrafiya bu kitabın bir hissəsidir. Azərbaycan variantına rəy verənlər tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru İsmayıl Musa, İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Şamil Mehdidir.
Ümumiyyətlə bu kitabın müəyyən məqamları tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix üzrə fəlsəfə doktoru Boran Əziz, UNESCO-nun assosiativ professoru Rizvan Hüseynov və digərləri ilə məsləhətləşdirilib.
A.Nağı kitab barədə bunları deyib.
"Belə kitablar nəşriyyatın qaydasından asılı olaraq ABŞ Konqresinin kitabxanasına yerləşdirilir. Hələlik bizə kitabın PDF variantı göndərilib və bir neçə müddətdən sonra kağız variantı da göndəriləcək. Ümid edirəm ki, Amerikada yüksək göstəricilərlə çap olunan bu monoqrafiya ingilis dilli oxucular, xüsusilə də tədqiqatçılar üçün əhəmiyyətli olacaq".
Bu nəşr Akif Nağının tam yeni yanaşmasını əks etdirir. Bu həm yeni yanaşmalar, yeni terminlər, həm də Azərbaycan tarixinin dövrləşdirilməsi ilə bağlıdır. Bir məsələni xüsusi olaraq vurğalamaq istəyirik ki, Akif Nağı Azərbaycan tarixini indiyə qədərki yanlış yanaşmalardan, saxtakarlıqlardan təmizləməyə çalışıb.
Xüsusilə də Azərbaycan dövlətinin qədim dövrdən beş min il ərzində mövcud olduğuna dair tezisi Akif Nağı vurğulayır və konsepsiyasın bu şəkildə ortaya qoyur ki, bütün dövrlərdə Azərbaycan dövlətinin tarixindən söhbət getməlidir. İngilis nəşrində də tariximizin qədim dövrlərdən erkən orta əsrlərə qədərki müəyyən bir hissəsi əhatə olunur.
Akif Nağı hesab edir ki, ən qədim dövrdən bu günə qədər Azərbaycan dövləti mövcud olubdur, Aratta dövləti, Lullubi dövləti, Kuti dövləti, Manna dövləti, Midiya dövləti, Əhəməni dövləti ifadələri yanlışdır. Bunların əvəzinə Azərbaycan dövləti ifadəsi işlədilməli və Aratta sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti, Lullubi sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti, Kuti, Manna, Midiya, o cümlədən, Əhəməni sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti kimi yanaşılmalıdı. Kitabda Azərbaycan adının işlənmə tarixi, etimologiyası ilə bağlı da ən maraqlı və elmə söykənən fikirlər yer alıb.


