Çörək bahalaşacaq? - AÇIQLAMA

ÖLKƏ
13:08 / 11.02.2026
103

Son günlərdə ölkəmizdə bəzi çörək növlərinin qiyməti artıb.


Bu artım xüsusən "baton" çörəklərinin qiymətində müşahidə olunur. Bu bahalaşma fonunda isə sual yaranır. Yaxın dövrdə "zavod" və ya təndir çörəyinin qiymətində də artım ola bilərmi? 

Bununla bağlı Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov Hit.az-a açıqlama verib.

O bildirib ki, istənilən bazarda yekun qiymətin formalaşması məhsulun və ya xidmətin ərsəyə gəlməsi üçün çəkilən xərclərdən birbaşa asılıdır: 

"Bu göstəricilər yüksək olanda yekun qiymət də dinamikaya təsir göstərir. Məlumdur ki, dünyada baş verən siyasi-iqtisadi proseslər fonunda dünya taxıl təminatının 25 faizini həyata keçirən iki ölkə arasında müharibə gedir. Azərbaycan isə daxili tələbatı tam ödəyə bilmədiyi üçün ehtiyacın yarıdan çoxunu idxal hesabına qarşılayır".


Həmsöhbətimizin sözlərinə görə, bir çox ölkə baş verə biləcək risklərdən qorunmaq məqsədilə öz taxıl ehtiyatlarını artırmağa çalışır:
"Bu isə müəyyən dərəcədə anbarlarda saxlanılan xammal ehtiyatlarının azalmasına səbəb ola bilir. Nəticə etibarilə, bu amil gələcəkdə qiymətlərin artmasına gətirib çıxaracaq".

A.İbrahimov onu da söyləyib ki, çörək strateji məhsul olduğuna görə dövlət tərəfindən müəyyən tənzimləmələr həyata keçirilir: 
"Ancaq burada müəyyən çəki və qram məsələsi var. "Zavod" və ya "baton" çörəklərinin qiymətinin artması əməliyyat xərclərinin və xammalın qiymətinin yüksəlməsindən asılıdır. Xərclərin artması qiymətə də birbaşa təsir edəcək. 2026-cı ildə çörəyin qiymətində bahalaşmanın olacağı gözlənilir. Çünki ümumi inflyasiya fonunda maya dəyərinin, işçi qüvvəsinin və xammalın qiymətinin artması qiymətlərə təsir göstərir".

Günel

0