Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməlində ittiham olunan Adil Bayramovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
HİT.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə baş tutan iclasda yekun qərar elan edilib.
Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 6 il 5 ay müddətinə həbs cəzasına məhkum olunub.
İttiham aktına görə, Adil Bayramov tamah məqsədilə etibardan sui-istifadə edərək başqasının külli miqdarda əmlakını mənimsəmək üçün fırıldaq işlədib. O, tanışı vasitəsilə əlaqə qurduğu zərərçəkmiş iş adamı Tağı Yusifliyə (adı və soyadı şərtidir) özünü Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən "Qurtuluş-93" yaşayış kompleksini dəmir çubuqlar (armatur) təchiz edən şəxs kimi təqdim edib.
İstintaq sənədlərində göstərilir ki, təqsirləndirilən şəxs özünü uğurlu biznesmen və maddi imkanı geniş olan biri kimi göstərərək, zərərçəkmişi inandırıb ki, böyük məbləğdə sərmayə qoyacağı halda həmin MTK-ya armatur satışı həyata keçirərək yüksək gəlir əldə edə bilərlər. Bu yolla Tağının etibarını qazanan şəxs, əslində onun vəsaitini ələ keçirməyi planlaşdırıb.
İttihamda vurğulanır ki, Adil Bayramov 2020-ci ildə, müxtəlif vaxtlarda və məkanlarda Tağı Yusiflidən ümumilikdə 300 000 manat nağd pulu vahid qəsdlə ələ keçirib.
İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs aldığı pulları vəd edilən məqsəd üçün xərcləməyib və bunun nəticəsində zərərçəkmişə külli miqdarda maddi ziyan vurub.
Məhkəmə prosesində ifadə verən Adil Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə irəli sürülən ittihamla razılaşmadığını və özünü təqsirli bilmədiyini bəyan edib.

