Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti - 14 il

ÖLKƏ
09:00 / 13.02.2026
42

Bu gün ölkənin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür.

Hit.az xəbər verir ki, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində müvəffəqiyyətlər qazanan xidmət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılıb.

2025-ci il ərzində xidmət tərəfindən bir sıra yeniliklər və tədbirlər həyata keçirilib. Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyi qarşısına məqsəd qoyan xidmət qanunla müəyyən edilən vəzifələrin həyata keçirilməsində, o cümlədən vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin edilməsində yeni nailiyyətlər qazanıb.

Müvafiq qanunvericiliyə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biridir. Silahlı Qüvvələrin səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi məqsədi ilə mütəmadi olaraq məşğələlər keçirilib, həmçinin ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün ötən ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyi ilə birgə təlim toplanışları davam etdirilib.

Xidmətin fəaliyyətinin mühüm istiqamətlərindən biri olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə göndərilməsi işi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2025-ci ildə də uğurla davam etdirilib. Müddətli həqiqi hərbi xidmətə yanvar, aprel, iyul, oktyabr çağırışı zamanı Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi təmin edilib. Müvafiq işlərin koordinasiya edilməsi məqsədilə xidmətin aparatında müddətli həqiqi hərbi xidmətə çağırışın gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasları keçirilib.

Müddətli həqiqi hərbi xidmətə çağırışın əsas istiqamətlərindən biri də çağırışaqədərki yaş həddində olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğidir. Bu məqsədlə 2025-ci ildə Sabirabad, Şabran, Şəki, Astara, Lerik, Şəmkir, Göygöl, Ağstafa, Xaçmaz, İmişli və Kürdəmir rayonlarında yuxarı sinif şagirdlərinin iştirakı ilə gənclər üçün silsilə görüşlər keçirilib. Bundan başqa respublika üzrə çağırışaqədərki hazırlıq rəhbərləri ilə əlaqələndirilmiş şəkildə hərbi-vətənpərvərlik tədbirləri, hərbi-idman oyunları təşkil edilib. Təhsil müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində çalışan şəxslər tərəfindən gənclərə ilkin hərbi biliklərin aşılanması və çağırışaqədərki hazırlığın hərtərəfli qaydada aparılması istiqamətində tövsiyələrin verilməsi məqsədi ilə respublikanın bütün rayonlarında seminar və nümunəvi dərslər təşkil edilib.

Xidmətin qarşısında dayanan əsas prioritetlərdən biri vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsidir. Hazırda xidmətin təqdim etdiyi 6 növ arayış "MyGov" platforması üzərindən vətəndaşlara təqdim olunur.

Müvafiq qanuna edilən dəyişikliyə əsasən 15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Belə ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunması, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi "MyGov" platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir. Həmçinin xidmətin aparatında və struktur-bölmələrində olan bir sıra proseslər tam avtomatlaşdırılıb və rəqəmsal şəkildə həyata keçirilir. Xidmətin dövlət orqanları arasında sənəd dövriyyəsinin operativ təşkili, eyni zamanda kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla "kağızsız hökumət"ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi təmin edilib.

Ötən il ərzində xidmət rəisi general-mayor Mürsəl İbrahimov tərəfindən Bakı şəhəri ilə yanaşı Sumqayıt, Şirvan, Lənkəran, Sabirabad, Tərtər, Tovuz, Göygöl, Qax, Ağsu, Naxçıvan, Mingəçevir və Xaçmaz şəhərlərində xidmətin səlahiyyətinə aid müraciətlərin dinlənilməsi, müvafiq problemlərin həlli məqsədilə vətəndaş qəbulu keçirilib. 44 şəhid ailəsi, 72 müharibə veteranı olmaqla xidmətin aparatında 103, respublikanın bölgələrində 298 vətəndaş qəbul edilib. Həmçinin vətəndaşların müraciətlərinin çevik, obyektiv araşdırılması və cavablandırılması məqsədi ilə yaradılan çağrı mərkəzinə ötən il ərzində 25 mindən artıq müraciət daxil olub.

Əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilib. Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Beynəlxalq əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində də müəyyən tədbirlər təşkil edilib. 2025-ci ildə Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti xidmət ziyarət edib, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.

Hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu ənənəni bu gün də davam etdirir, əlamətdar günlərdə onları ziyarət edərək daim diqqətdə saxlayır. Xidmət tərəfindən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhidlərin övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edilib.

Xidmət hərbi qulluqçularının və əməkdaşlarının inkişafına da böyük önəm verib. Bu məqsədlə 2025-ci il ərzində xidmətin şəxsi heyəti üçün bir sıra təlim və məşğələlər, o cümlədən imtahan və attestasiya proqramları həyata keçirilib. Bununla da əməkdaşların və hərbi qulluqçuların inkişafı məqsədilə müxtəlif rotasiya və vəzifə artımları həyata keçirilib. Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti hərbi rütbələr və medallar, mülki işçilərə isə fəxri fərman və medallar təqdim edilib. Həmçinin ötən ildə də 44 günlük Vətən müharibəsində iştirak edən veteranlar həqiqi hərbi xidmətə və işə qəbul edilib.

2025-ci il ərzində xidmətin maddi-texniki təminat bazasının yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilib. Belə ki, xidmətin aparatında və yerli struktur bölmələrində işin səmərəliliyini artırmaq məqsədilə daha müasir kompüter və digər texniki avadanlıqlar alınıb. Həmçinin çağırışçıların və hərbi vəzifəlilərin daşınması məqsədilə xidmətin avtoparkı yenilənərək avtobus və avtomobillər alınıb.

Əsas amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmət olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident Ali Baş Komandan İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.

0