Qarabağ-Zəngəzur Forumunun (QZF) idarə heyəti növbəti toplantısını keçirib.
Hit.az xəbər verir ki, Elşən İbrahimovun moderatorluğu ilə baş tutan toplantıda diqqət Türk dünyasında və Azərbaycan diasporçuları arasında milli-mənəvi dünyagörüşün hazırkı vəziyyəti və gələcək perspektivlərinə yönəlib.
Müzakirələrdə Qarabağın işğaldan azad olunması ətrafında yaranan güclü mənəvi birliyin daha da möhkəmlənməsi və davamlı olaraq gündəmdə qalması xüsusi qeyd edilib. Çünki qarşıda işğaldan azad olunmuş torpaqların dirçəldilməsi, Qərbi Azərbaycana qayıdış ideyasının gerçəkləşməsi, Türk Dövlətləri Təşkilatında yaşayan xalqların, o cümlədən dünya türklərinin iqtisadi və mənəvi inteqrasiyasının baş verməsi kimi böyük məsələlər durur.
Türkiyədən Ziya Zakir Acar, Azərbaycandan QZF koordinatoru Akif Nağı, Şamil Mehdi, Elşən İbrahimov, Novruz Novruzov, Belçikadan Ədalət Quliyev öz çıxışlarında bu istiqamətdə görülən işlərdən bəhs edib, fəaliyyətdə baş verən müsbət və mənfi tendensiyaları qeyd ediblər. Akif Nağının təklifi ilə bu məsələ üzrə müvafiq tədbirlər planının hazırlanması qərara alınıb.






