Bakıda ilyarımdır direktorsuz qalan məktəbə təyinat

ÖLKƏ
12:24 / 16.02.2026
85

Bakı şəhəri, Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən şəhid Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbə yeni rəhbər təyinatı həyata keçirilib.

Oxu.Az-ın məlumatına görə, sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsi Aynurə Əlövsət qızı Həsənovaya həvalə olunub.

Məlumat üçün bildirək ki, A.Həsənova 1987-ci il sentyabrın 17-də Zəngilan rayonunun Məmmədbəyli kəndində dünyaya gəlib. O, ali təhsilini Bakı Dövlət Universitetində alaraq, 2009-cu ildə Biologiya fakültəsindən məzun olub.

Pedaqoji karyerasına 2009-cu ildə Zəngilan rayonu 37 nömrəli tam orta məktəbdə başlayan A.Həsənova, 2016-cı ildən etibarən fəaliyyətini Bakı şəhərindəki 322 nömrəli tam orta məktəbdə davam etdirib.

2022-ci ildə o, Bakı şəhəri N.Rzayev adına 169 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə gətirilib.

A.Həsənova direktorların işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.

Qeyd edək ki, 155 nömrəli tam orta məktəbin sonuncu direktoru Ruhiyyə İbrahimova 2024-cü ilin sentyabr ayında Bakı şəhəri 112 nömrəli tam orta məktəbə rəhbər təyin edilib.

0