Ermənilər məni iki dəfə öldürmək istəyiblər - Qarabağ həqiqətlərini yayan afrikalı 

ÖLKƏ
10:49 / 30.05.2020
1155

Onun əsl adı İbrahim Diavaradır. Amma Türkiyədə, elə Azərbaycanda əslən Afrikanın qərbindən - Seneqaldan olan İbo Diavaraya “İbo kardeş” deyirlər.

Çünki o həqiqətən qardaşlıq nümunəsi göstərərək həm Türkiyə, həm də Azərbaycan sevgisi ilə yaşayır. Xüsusilə “Qarabağ”a vurğun olan İbo kardeşlə yaxından tanış olmaq, Azərbaycan sevgisini öyrənməmək olmazdı.

Fransada doğulub orada yaşayan, tez-tez Türkiyəyə gələn İbo Diavara türk sevgisi, “Qarabağ” sevgisi ilə bağlı suallarımızı cavabsız qoymadı.

HİT.Az İbrahim Diavaranın Modern.az-a verdiyi müsahibəni təqdim edir:

- Azərbaycana olan sevgini demək olar ki, böyük əksəriyyətdə maraq yaradır. Bu sevgi nədən qaynaqlanır?

- Azərbaycanı niyə sevirəm… Çünki ilk növbədə Parisdə türk mədəniyyəti ilə, türklərlə bərabər böyümüşəm. Biraz böyüdükdən sonra isə Azərbaycan haqqında eşidib bu ölkə haqqında maraqlanmağa başladım. Universitetə daxil olduqdan sonra türkologiya bölümünü seçdim və bundan sonra Azərbaycan sevdam başladı. Türkiyə və Azərbaycan demək olar ki, eyni millətə sahibdir. Boş-boşun “İki dövlət, bir millət” deyilmir. Həm Azərbaycanı, həm də Türkiyəni öz doğma ölkəm kimi görürəm. Türkiyədə olanda Azərbaycan diaspor təşkilatının üzvləri mənimlə çox yaxşı davranırlar. Onlar sanki öz ailəmdirlər və buna görə də özümü azərbaycanlı kimi hiss edirəm.

- Bəs indiyədək Azərbaycan sevgisi sizi ermənilərlə qarşı-qarşıya qoymayıb ki?

- Erməni diasporu ilə tez-tez sıxıntı yaşayıram, onlar mənə nifrət edir. Ermənilərin qondarma soyqırımını tanımıram, tanımayacam da. Qarabağ sevgisinə görə ermənilər məni iki dəfə öldürmək istəyiblər, amma istəkləri baş tutmayıb. Qarabağ Azərbaycandır! Həmişə bunu deyəcəm.

- Fransada erməniləri sevirlər…

- Hə, elədir. Fransada erməni lobbisi çox güclüdür. Həm də hər iki ölkə xristiandır, bir-birlərinə daha yaxındırlar. Amma mən var gücümlə Fransada Qarabağ həqiqətlərini çatdırmağa çalışıram. Bəzi dostlarım var idi ki, Azərbaycana qarşı sevgimi bildikdən sonra məndən uzaqlaşdı. Amma olsun, mənim öz prinsiplərim var.

- Azərbaycanın “Qarabağ” futbol klubunun formasında şəklinizi gördüm. Deyəsən azarkeşsiniz…

- Futbola baxmağı çox sevirəm. Türkiyədə “Qalatasaray” komandasını, Azərbaycanda “Qarabağ” klubunun oyunlarını maraqla izləyirəm. “Qarabağ” klubu çox tanınır, hər il bu komanda Avropada müxtəlif yarışlarda iştirak edir. Yəni komanda artıq Avropada da tanınır.

- Maraqlıdır, ümumiyyətlə Azərbaycanda olmusunuz?

- Bəli 2016-cı ilin iyul ayında Azərbaycana səfər etmişəm. 10 gün ölkənizdə qaldım, hər şey çox əla idi. Bakı, İsmayıllı, Qəbəlı, Lahıc və Şəkidə oldum. Azərbaycanlılar çox qonaqpərvərdirlər, mənimlə də səmimi davrandılar. Türk dilində danışanda çox təəccüblənmişdilər. Hətta sual da verdilər ki, “Qardaş, sən türksən?”. Yenidən Azərbaycanda olmağı istəyirəm. Təkrar səfər etmək planım var.

- Bir məsələ də bizə maraqlıdır. Azərbaycanı sevirsiniz, çox gözəl. Bəs azərbaycanlı xanımla necə, münasibət qurardınızmı?

- Mən türk dünyasına sevgi ilə böyümüşəm. Azərbaycan və Türkiyə mənim üçün hər şey deməkdir. Özümü azərbaycanlı kimi hiss edirəm. Azərbaycanlı xanımlar gözəl və mədəni olurlar. Amma indiyədək azərbaycanlı xanımla hər hansı münasibətim olmayıb. Qismət, hər şey Allahın əlindədir…

0
Modern.az