Prezident İlham Əliyev tərəfindən uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı imzalanan yeni Sərəncam müasir dövrdə informasiya təhlükəsizliyinin prioritet istiqamətlərindən birini təşkil edir.
Sərəncam uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədi daşıyır.
Son illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, internetə çıxış imkanlarının genişlənməsi və rəqəmsal texnologiyaların gündəlik həyata dərin inteqrasiyası sosial şəbəkələrin ictimai münasibətlər sistemində mühüm yer tutmasına səbəb olub. Bu baxımdan, sənəd rəqəmsal məkanda təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, aidiyyəti dövlət qurumları arasında koordinasiyanın artırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi istiqamətində kompleks yanaşmanı nəzərdə tutur.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə internet və sosial şəbəkələr uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib:
“Təhsil, ünsiyyət və əyləncə imkanları genişlənsə də, rəqəmsal mühitdə mövcud olan zərərli məzmun, kibertəzyiq, zorakılıq və asılılıq riski də artır. Məhz bu reallıqları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı imzaladığı Sərəncam dövlətin bu sahədə sistemli və məqsədyönlü siyasət apardığını göstərir”.
Ekspert qeyd edib ki, bu gün uşaqlar erkən yaşlardan smartfon və planşetlərdən istifadə edir, müxtəlif sosial şəbəkələrdə hesab açır və onlayn oyun platformalarına qoşulurlar:
“Nəticədə, onlar müxtəlif risklərlə üzləşə bilirlər. Belə ki, yaşlarına uyğun olmayan zorakı və ya qeyri-etik məzmunlarla, kiberzorakılıq və onlayn təhqir hallarıyla, şəxsi məlumatların qanunsuz toplanması və yayılması problemləriylə, asılılıq və psixoloji gərginliklər lə rastlaşırlar. Sərəncam məhz bu təhlükələrin qarşısının alınmasına, uşaqlar üçün təhlükəsiz rəqəmsal ekosistemin formalaşdırılmasına yönəlib. Təbii ki, dövlət siyasətində uşaqların müdafiəsi əsas prioritetlər sırasındadır. Sənəd müvafiq dövlət qurumları qarşısında bir sıra vəzifələr müəyyənləşdirir. Buraya qanunvericiliyin təkmilləşdirilməsi, zərərli kontentin məhdudlaşdırılması mexanizmlərinin gücləndirilməsi, valideyn nəzarət alətlərinin təşviqi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi daxildir”.
Həmsöhbətimiz vurğulayıb ki, rəqəmsal platformalarla əməkdaşlıq, filtrasiya və monitorinq sistemlərinin tətbiqi, yaş məhdudiyyətlərinə nəzarətin artırılması kimi məsələlər də diqqət mərkəzindədir:
“Bu yanaşma göstərir ki, problemə yalnız inzibati yox, həm də texnoloji və maarifləndirici aspektdən yanaşılır. Sərəncamdan irəli gələn məsələlərin həllində valideyn və məktəbin rolu çox böyükdür. Sərəncam təkcə dövlət qurumlarının deyil, valideynlərin və təhsil müəssisələrinin də məsuliyyətini artırır.
Uşaqlara rəqəmsal savadlılıq bacarıqlarının aşılanması, təhlükəsiz internet istifadəsi qaydalarının öyrədilməsi və açıq ünsiyyət mühitinin yaradılması vacib şərtdir. Valideyn nəzarət proqramlarından istifadə, uşağın internetdə keçirdiyi vaxtın tənzimlənməsi və paylaşılan məlumatlara diqqət yetirilməsi ailədaxili qoruyucu mexanizmlərin əsasını təşkil edir. Məktəblərdə isə informasiya təhlükəsizliyi və rəqəmsal etik davranış mövzularının tədrisi mühüm əhəmiyyət kəsb edir”.
N.İsmayılova onu da əlavə edib ki, sağlam rəqəmsal gələcəyə doğru atılan ən mühüm addımlardan biridir:
“Rəqəmsal mühitin təhlükəsizləşdirilməsi yalnız qadağalarla deyil, balanslı və düşünülmüş strategiya ilə mümkündür. Uşaqların həm informasiya əldə etmək, həm də özlərini ifadə etmək hüquqları qorunmalı, habelə onların fiziki və psixoloji təhlükəsizliyi təmin edilməlidir. Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam göstərir ki, Azərbaycan dövləti rəqəmsal transformasiya prosesində uşaqların mənafeyini əsas prioritet kimi müəyyənləşdirir. Bu sənəd gələcək nəsillərin sağlam, təhlükəsiz və şüurlu rəqəmsal mühitdə formalaşmasına xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, rəqəmsal dünya sürətlə dəyişir. Əsas məsələ isə odur ki, bu dəyişikliklər fonunda uşaqlarımızın təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılsın”.
Günel



