Mart ayının daxil olması ilə hava şəraitinin dəyişməsi müşahidə olunur.
Fevral ayı olduqca soyuq keçdi. Xüsusən də ötən ayın sonunda havanın temperaturu kəskin aşağı düşdü və günlərlə şaxta qeydə alındı. Mart ayının başlaması ilə isə havanın hərarəti yüksəlməyə başlayıb. Buna baxmayaraq, temperatun çox yüksək olmaması da diqqət çəkir. Hələ də evlərdə istilik sistemlərindən istifadə olunur.
Maraqlıdır, martda Bakıda hava şəraitinin necə olacağı proqnozlaşdırılır?
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, artıq baharın gəlişi gözlənilir:
“Misal üçün bu çərşənbələrin hamısı mərhələli şəkildə baharın gəlişinin işarəsidir. Allahın köməkliyi ilə yavaş-yavaş bahar özünü göstərməkdədir və göstərəcək. Havalar tədricən istilənəcək, amma mart ayı eyni zamanda el arasında “boz ay” adlanır. Yəni daha çox tutqunluğu və yağıntıları ilə yadda qalır. Soyuq hava cərəyanı daxil olmasa, yağıntılı cərəyanlar girir və yerli hava müsbət olduğuna görə burada qar yağışına çevrilmir”.
Ekspert qeyd edib ki, mart ayında yağışlı günlər də olacaq:
“Lakin yavaş-yavaş havanın hərarəti yüksələcək. İstiliyin neçə dərəcə olacağının proqnozunu vermək mənim üçün çox çətindir. Buna baxmayaraq, mart ayında hava Bakı və Abşeron yarımadasında az yağıntılı keçəcək. Havanın temperaturu isə tədricən artacaq”.
Pərviz



