“Zərif Zəfər” mükafatlandırılma tədbiri keçirildi - Fotolar

ÖLKƏ
15:00 / 04.03.2026
14

Bakıda qadınların ictimai, biznes və sosial fəaliyyət sahələrində əldə etdikləri uğurların qiymətləndirilməsinə həsr olunan “Zərif Zəfər” mükafatlandırılma tədbiri keçirilib .

Hit.az Kredit.az-a istinadən xəbər verir ki, “Credence Group” və “Social Bee”nin təşkilatçılığı ilə reallaşan mərasimdə dövlət rəsmiləri, ictimai xadimlər, sahibkarlar və müxtəlif sahələrdə fəaliyyət göstərən xanımlar iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov qadınların cəmiyyətin inkişafında oynadığı mühüm rolu vurğulayaraq bu cür təşəbbüslərin sosial fəallığın artırılması və yeni liderlərin formalaşması baxımından əhəmiyyət daşıdığını bildirib. Tədbirdə çıxış edən digər Milli Məclis deputatı Ziyad Səmədzadə də qadınların iqtisadi və ictimai həyatda artan roluna diqqət çəkib və belə layihələrin cəmiyyət üçün vacibliyini qeyd edib.

Mükafatlandırma gecəsində sahibkarlıq, idarəetmə, sosial layihələr, innovasiya, təhsil, media və ictimai fəaliyyət istiqamətləri üzrə müxtəlif nominasiyalar təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən, öz sahələrində fərqlənən iştirakçılar diplom və xüsusi mükafatlarla təltif ediliblər.

Mükafatları təqdim edən tanınmış simalar arasında “Dəstək Group”un rəhbəri Sakit Səmədov, tanınmış marketoloq Səfər Aslanov, modelyer Fəxriyyə Xələfova və “SQB”nin sədri Zenfira Ağayeva yer alıblar.

Tədbirin mədəni hissəsində gecənin ən yaddaqalan məqamlarından biri tanınmış modelyer-dizayner Mətanət Bayramovanın hazırladığı “Milli Musiqi” adlı xüsusi moda kompozisiyasının nümayişi olub. Bununla yanaşı, bir neçə dizaynerin əl işlərindən ibarət defile və sərgi proqramı da təşkil olunub.Tədbirdə həmçinin tanınmış müğənni Gülyanaq Məmmədova da iştirak edib.

Tədbir çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, motivasiya çıxışları və networking sessiyaları təşkil olunaraq yeni əməkdaşlıq imkanları müzakirə edilib. Gecə sonda musiqi proqramı ilə davam edib.

Qeyd edək ki, “Zərif Zəfər” layihəsi qadınların peşəkar nailiyyətlərinin təşviqi, onların ictimai və iqtisadi həyatda rolunun gücləndirilməsi məqsədi daşıyan platforma kimi həyata keçirilir.

0