12 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən “Tibbi Biotexnologiya sahəsində Yeniliklər” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd tibbi biotexnologiya sahəsində aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsi, müasir yanaşmaların və innovativ texnologiyaların təqdim edilməsi, eləcə də bu istiqamətdə fəaliyyət göstərən yerli və xarici mütəxəssislər arasında elmi əməkdaşlığın genişləndirilməsi olub.
Tədbirdə Azərbaycan, Türkiyə və Kipr universitetlərini təmsil edən alim və mütəxəssislər iştirak edərək tibbi biotexnologiyanın müxtəlif istiqamətləri üzrə məruzələrlə çıxış ediblər. Çıxışlarda biotexnologiyanın tibbdə tətbiqi, müasir laborator tədqiqat metodları, infeksion xəstəliklərin diaqnostikasında yeni yanaşmalar, molekulyar biologiya və genetik tədqiqatların perspektivləri kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.
Konfrans çərçivəsində təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.
Onlayn formatda təşkil olunan konfransda müxtəlif elmi və tibbi müəssisələri təmsil edən tədqiqatçılar, həkimlər, müəllimlər, tələbələr və bu sahəyə maraq göstərən mütəxəssislər daxil olmaqla 200-ə yaxın iştirakçı qoşulub.
Konfransın sonunda iştirakçılar belə elmi platformaların tibbi biotexnologiya sahəsində bilik və təcrübə mübadiləsinin genişlənməsində mühüm rol oynadığını qeyd ediblər. Tədbirdə iştirak edənlərə elektron sertifikatların təqdim olunacağı bildirilib.











