Deputatlar bayramı harada qeyd edəcək?

ÖLKƏ
14:30 / 19.03.2026
57

Sabahdan etibarən Azərbaycanda uzunmüddətli bayram tətili başlayır. Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar olaraq martın 20-dən 30-dək olan tarixlər qeyri-iş günləri elan edilib. Şənbə və bazar günləri də nəzərə alındıqda, ölkədə ardıcıl 11 günlük istirahət imkanı yaranır.

Ənənəvi olaraq bu günlərdə insanlar bölgələrə üz tutur, ailələri ilə bir araya gəlir, bayram tonqalları ətrafında toplaşaraq milli dəyərləri yaşadır və müxtəlif istirahət məkanlarında vaxt keçirirlər.

Bəs bu il bayram günlərini ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan deputatlar necə keçirəcək?

AZXEBER.COM bununla bağlı sorğunu təqdim edir:

Milli Məclisin Deputatı Elman Məmmədov:

"Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıda öz dədə-baba yurdumda - evimin həyətində yandıracam. Builki bayramı qonum-qonşu ilə birlikdə qeyd edəcəyik. Ötənilki Novruz bayramında evim hazır deyildi. Nəhayət bu il fevralın 25-də Xocalıdakı evimin açarı mənə təqdim edildi. Artıq evimə köçmüşəm. Öz evimin həyətində 34 il sonra bayram keçirəcəm”.

Milli Məclisin deputatı Vüqar İsgəndərov:

"Müqəddəs Ramazan bayramı ilə Novruz bayramının eyni günə təsadüf etməsi nadir və gözəl hadisələrdən biridir. Hər il olduğu kimi, bu il də bayramları ailəmlə birlikdə seçildiyim və təmsil etdiyim Şəki şəhərində keçirəcəyəm. Rayonda təşkil olunan bayram şənliklərinə qoşulacağam. Şəkidə Novruz bayramı çox təmtəraqla qeyd olunur”.

Milli Məclisin deputatı Könül Nurullayeva:

"Bayram tətilini ailəm və dostlarımla birlikdə qeyd edəcəyəm. İşğaldan azad olunmuş ərazilərə getməyi planlaşdırırıq. Şükürlər olsun, artıq  tarixi torpaqlarımız işğaldan azad olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu bayram günlərində qəhrəman oğullarımızın əziz xatirəsiniehtiramla yad edirik. Artıq Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilməkdədir. Bu dəfə bayram tətilini doğmalarımla Xankəndi və Şuşada qeyd etməyi nəzərdə tuturam”.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı:

"Bayramı Azərbaycanda keçirəcəyəm. Bayram günlərində rayona gedərək vəfat etmiş əzizlərimin məzarlarını ziyarət edəcəyəm”.

Milli Məclisin deputatı Rəşad Mahmudov: 

"Bayramları ölkəmizdə ailə, dostlar və seçicilərimizlə keçirəcəyəm”.

Milli Məclisin deputatı Fatma Yıldırım: 

"Bayramı Bakıda ailə üzvlərimlə birlikdə qeyd edəcəyəm. Bu günləri doğmalarla bir arada keçirmək mənim üçün xüsusi əhəmiyyət daşıyır”.

Milli Məclisin deputatı Mircəlil Qasımlı:

"Bayramı Bakı şəhərində, öz evimdə ailəmlə birlikdə qeyd edəcəyəm. Mənim üçün ən böyük xoşbəxtlik bu əziz günləri doğmalarımla bir arada keçirməkdir”.

Milli Məclisin deputatı Tural Gəncəliyev:

"Bayram tətilini ailə üzvlərim və yaxınlarımla birlikdə Bakı şəhərində keçirməyi planlaşdırıram. Çünki yaz və payız aylarında Bakı çox gözəl olur. Bakıda ən çox sevdiyim mövsüm yaz fəslidir. Əgər imkan yaranarsa, Qarabağa səfər etməyi də düşünürəm”.

Milli Məclisin deputatı Müşviq Cəfərov:

"Bayramı ailəmlə birlikdə Gəncə şəhərində keçirəcəyəm. Hər kəsə ruzi-bərəkətli il və cansağlığı arzulayıram”.

Milli Məclisin deputatı Razi Nurullayev:

"Bayramı evdə, ailəmlə birlikdə qarşılayacağam. Bu gün tutduğum orucun son günüdür. Bu bayramın necə əziz və dəyərli olduğunu ən yaxşı oruc tutanlar anlayır. Üstəlik, Novruz bayramı ilə üst-üstə düşməsi bu günlərə xüsusi bir gözəllik qatır. Xalqımızı səmimi qəlbdən təbrik edir, hər kəsə bahar nəfəsi kimi təravətli, ümid dolu günlər arzulayıram”.
 

0