Azərbaycan Respublikasının Prezidenti icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı yeni fərman imzalayıb.
HİT.az xəbər verir ki, Fərmana əsasən, ölkədə icbari tibbi sığorta üzrə mövcud idarəetmə sistemi yenidən qurulur və bir sıra səlahiyyətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilir. Bu addım icbari tibbi sığorta sahəsində islahatların davam etdirilməsi məqsədi daşıyır.
Sənədə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək yeni qurum — Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılacaq. Yeni agentlik icbari tibbi sığortanın tətbiqi, vəsaitlərin idarə olunması, tibbi xidmətlərin maliyyələşdirilməsi və xərclərin ödənilməsi kimi əsas funksiyaları həyata keçirəcək.
Eyni zamanda, yeni qurum əlilliyin müəyyən edilməsi və hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi kimi sahələrdə də fəaliyyət göstərəcək. Agentlik, həmçinin keçmiş iki qurumun hüquqi varisi kimi onların hüquq və öhdəliklərini, eləcə də əmlakını öz üzərinə götürəcək.
Fərmanda nəzərdə tutulur ki, bəzi funksiyalar da digər qurumlara ötürüləcək. Belə ki, dərman və tibbi vasitələrlə təminat üzrə səlahiyyətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə, reabilitasiya xidmətləri isə Sosial Xidmətlər Agentliyinə veriləcək.
Yeni agentliyin idarə olunması 5 nəfərdən ibarət İdarə Heyəti tərəfindən həyata keçiriləcək. Onun fəaliyyəti dövlət büdcəsi və icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdiriləcək.
Nazirlər Kabinetinə isə üç ay müddətində müvafiq normativ hüquqi aktların hazırlanması və yeni qurumun nizamnaməsinin layihəsinin təqdim olunması tapşırılıb. Eyni zamanda, yeni agentliyin dövlət qeydiyyatına alınması və keçid dövründə idarəetmənin təmin edilməsi üçün xüsusi komissiya yaradılacaq.
Fərmana əsasən, yeni agentlik tam formalaşana qədər mövcud qurumlar fəaliyyətini davam etdirəcək və proses mərhələli şəkildə həyata keçiriləcək.


