Ötən həftə paytaxtda yağan intensiv yağışlar müzakirələrə səbəb olur.
Bəzi ekspertlər İranda 1 aydan artıqdır davam edən müharibənin buna təsir etdiyini deyirlər. Onların sözlərinə görə gündə yüzlərlə raketin və bombanın atılması atmosferə birbaşa təsir edir, nəticədə də belə aramsız yağışlar yağır. Sözügedən iddialar yağışdan sonra xeyli səsləndirilməyə başlayıb.
Bəs bu iddialar nə dərəcədə doğrudur?
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, bizim coğrafiyamızda bahar başlayıb:
“Əslində, Azərbaycanda baharın gəlişi ilə yağıntıların artdığı bir dövr başlayır. Ölkəmiz mülayim subtropik iqlım qurşağında yerləşdiyinə görə Qərbdən daxil olan hava cərəyanları yağıntı gətirir. Hava cərəyanları Cənubdan daxil olanda isə yağıntı yox, isti havalar gəlir. Təəssüf ki, Cənubdan küləkləri çirkli hava gətirir”.
Ekspert qeyd edib ki, son zamanlarda Cənubdan müharibə nəticəsində zəhərlənmiş atmosferin havası gəlir:
“Nəzərə alaq ki, İranda neft anbarları və depoları vuruldu. Eyni zamanda, nə qədər radioaktiv yerlərdə partlayış oldu. Müharibə hər zaman özü ilə tək ölüm deyil, həm də “yavaş ölüm”ü gətirir. “Yavaş ölüm” də hava çirkliliyidir ki, o da insanlara zərər verir.
Qarşıdakı günlərdə də yağıntılı hava olacaq. Hətta hansısa ərazilərdə fasiləsiz yağış yağa bilər. Lakin bu yağıntıların atmosferə ziyandan çox xeyri var. Çünki atmosferin havasının təmizlənməsinə səbəb olur. Yəni müharibə nəticəsində yaranmış hava kütlələri yağışla yağdıqda havanı təmizləyir. Bir növ aldığımız nəfəs müəyyən qədər təmizlənmiş olur”.
Mütəxəssis vurğulayıb ki, atılan raketlərin yağışlara səbəb olması şübhəsizdir:
“Hətta bəzən yağış yağdırmaq üçün müəyyən raketlərdən və ya bombalardan istifadə olunur. Faktiki olaraq, müharibə nəticəsində buludlar müxtəlif istiqamətlərdə hərəkət edir və yağışlar baş verir. Lakin raketlərin və ya bombaların bol yağıntı gətirməsi doğru deyil. Sadəcə olaraq hava nisbətən təmizlənir və yağıntının miqdarında azacıq artım yaranır. Bundan narahat olmağa dəyməz. İnşallah bu müharibə də tezliklə bitər, coğrafiyamız rahat nəfəs alar”.
Pərviz


