Qəhvəyi mərmər bağacığının yayılma riskinin azaldılması üçün qabaqlayıcı tədbirlər gücləndirilib

ÖLKƏ
15:40 / 03.04.2026
45

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri ardıcıl şəkildə davam etdirilir.

Zərərvericiyə qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Regional Əlaqələndirmə Mərkəzinin iclasında verilmiş tapşırıqlara uyğun olaraq, qış dövründə əlaqəli dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin təşkili təmin edilib. Bu məqsədlə Balakən, Zaqatala və Qax rayonlarında zərərvericinin aşkar edildiyi kəndlər üzrə dövlət orqanları arasında funksional bölgü aparılıb. Hazırda bölgü əsasında qeyd olunan rayonlarda zərərvericinin qışlama yerlərində aparılan monitorinqlər yekunlaşmaq üzrədir. Bununla yanaşı, zərərvericinin müşahidə edildiyi respublikanın digər rayonlarında da analoji monitorinq tədbirləri davam etdirilir.

Aprel ayının ortalarına doğru hava temperaturunun yüksəlməsi ilə əlaqədar olaraq qəhvəyi mərmər bağacığının qışlama yerlərini tərk edərək açıq sahələrə və kənd təsərrüfatı bitkilərinə keçməsi ehtimalı artır. Bu səbəbdən zərərvericinin yayılma arealının operativ izlənməsi və kütləvi çoxalmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir. Zərərvericinin yayılma ehtimalının daha yüksək olduğu ərazilərdə monitorinq və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Agentlik tərəfindən 10 min ədəd feromon tələ alınıb. Mövsümə uyğun olaraq, bu tələlərin respublika üzrə mərhələli şəkildə yerləşdirilməsi prosesinə başlanacaq.

Bununla yanaşı, əhalinin və fermerlərin məlumatlandırılması məqsədilə geniş maarifləndirmə kampaniyası həyata keçirilib. Kampaniya çərçivəsində maarifləndirici çap materialları hazırlanaraq paylanıb. Bu materiallarda zərərvericinin tanınması, yayılma xüsusiyyətləri və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat təqdim edilib. 

Qeyd edək ki, görülən tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq, kənd təsərrüfatı məhsullarının qorunmasını təmin etmək və fermerlərə dəyə biləcək iqtisadi zərərləri minimuma endirməkdir. Bu məqsədlə Agentlik tərəfindən həyata keçirilən tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək və vəziyyətə uyğun olaraq əlavə tədbirlər görüləcək.

0