"Bakı Metropoliteni" QSC xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrlik tunelin inşasına hazırlıq gedir.
Hit.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, yeni piyada keçidi "Cəfər Cabbarlı" stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq. Bununla da sərnişin axınını "Dərnəgül" və "Xətai" istiqamətinə ayırmaqla "28 May" stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq.
Bu keçid "28 May" stansiyasına daxil olan sərnişinlərin giriş-çıxışı üçün də növbəti əlverişli şərait yaradacaq. Sərnişinlər "Cəfər Cabbarlı" stansiyasından istifadə etməklə ən qısa yolla "28 May" stansiyasının platformasına daxil ola biləcəklər.
Beləliklə, "28 May" stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan verəcək, eyni zamanda platformada əlavə sıxlığın yaranmasının qarşısı alınacaq.
Keçidin inşası üçün qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması artıq tamamlanıb. Hazırda "28 May" stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkas qurularaq betonlama işlərinə hazırlıq görülür.
Yekun mərhələdə üzləmə işləri aparılacaq piyada keçidinin yeni tədris mövsümünə qədər istifadəyə verilməsi nəzərdə tutulub. Xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri olan "Cəfər Cabbarlı–Nizami" mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan tunelin inşasının birinci mərhələsi başa çatdırılıb. Görülən işlər çərçivəsində "28 May" stansiyası ətrafında iki ərazidə – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonası və "Cəfər Cabbarlı" stansiyasının yaxınlığında yerləşən iki hazırlıq şaxtasının qazıntısı aparılıb.
Bu şaxtalar inşaatın aparılması, texnika və materialların inşaat meydançasına endirilməsi məqsədilə istifadə olunur. "Cəfər Cabbarlı" stansiya yolundan başlayaraq əsas tunel sahəsinə qədər olan iki yanaşma sahəsinin tikintisi başa çatdırılıb.
Tikinti işləri ərazinin ağır geoloji mühitinə uyğun olaraq ən təhlükəsiz inşaat üsullarından Yeni Avstriya metodu ilə aparılır. Bununla da sahədə optimal texniki təhlükəsizlik tam təmin olunub. Tikinti prosesi yerüstü sahədə avtobusların, dəmiryol vağzalının, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarının fəaliyyətinə heç bir maneə yaratmır. Ərazidən bütün istiqamətlərdə piyadaların təhlükəsiz hərəkəti üçün yollar təmin edilib.
Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti "İçərişəhər-Əhmədli" (habelə "Əhmədli-Həzi Aslanov" məkik hərəkət mənzili), "Dərnəgül-Nizami" və indiki kimi "Cəfər Cabbarlı-Xətai" olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər "28 May" və "Nizami" stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər.
Tunelin inşasının "Dərnəgül" elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı ("İçərişəhər-Həzi Aslanov") və Yaşıl ("Dərnəgül-Xətai") xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq. Sərnişinlər Yaşıl xətdən Qırmızı xəttə və əksinə "28 May-Cəfər Cabbarlı" keçidindən istifadə edəcəklər.

