Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədov və İrşad Əsgərxanlı ilə görüşüb.
Görüşdə Mentorluq Proqramı çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, qaliblərin mövcud bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, onların potensialının düzgün istiqamətləndirilməsi və real nəticələrə çevrilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, iştirakçıların gələcək inkişaf prioritetləri, peşəkar hədəfləri, idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və proqram müddətində qarşılıqlı əməkdaşlığın səmərəli təşkili məsələləri müzakirə olunub.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Qeyd edək ki, sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.


