“Sosial şəbəkələr günümüzdə informasiya mübadiləsinin əsas platformalarından birinə çevrilib”.
Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, sosial şəbəkələrdən məqsədli və ya qeyri-məsuliyyətli şəkildə sui-istifadə hallarına tez-tez rast gəlirik:
“Etiraf etməliyik ki, rəqəmsal texnologiyalar həyatımızı asanlaşdırmaqla yanaşı, yeni çağırışlar da formalaşdırıb. Bu imkanlardan sui-istifadə dezinformasiya, böhtan və təhqirin geniş yayılmasına yol açaraq cəmiyyətin mənəvi dəyərlərini aşındıran ciddi təhlükəyə çevrilib. Xüsusilə vurğulamaq istərdim ki, sosial şəbəkələrdə məsuliyyətsiz davranış ictimai təhlükə yaradır. Yalan məlumatların sürətlə yayılması cəmiyyətdə çaşqınlıq yaradır, milli maraqlara qarşı istifadə olunur”.
Millət vəkili qeyd edib ki, əsas məsələ məsuliyyətli istifadə mədəniyyətinin formalaşmasıdır:
“Sosial şəbəkə istifadəçiləri bilməlidir ki, sosial mediada yazılan və deyilən hər bir söz real həyatda olduğu kimi hüquqi və mənəvi məsuliyyət yaradır. Hesab edirəm ki, media və vətəndaş cəmiyyəti institutları bu sahədə daha fəal rol oynamalı, dezinformasiyanın qarşısının alınmasında aktiv iştirak etməlidir. İctimai nəzarət və ictimai qınaq adıçəkilən problemlərin qarşısının alınmasında mühüm mexanizmdir”.
Günay Ağamalı vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması və milli maraqların qorunması istiqamətində ardıcıl siyasət həyata keçirilir:
“Bu siyasət çərçivəsində rəqəmsal mühitin sağlamlaşdırılması da prioritet məsələlərdəndir. Sosial şəbəkələrdən istifadə cəmiyyətin inkişafına xidmət etməlidir. Məsuliyyətli yanaşma, sağlam düşüncə və milli dəyərlərə hörmət bu sahədə əsas istiqamət olmalıdır”.
Elmir Mustafa



