“Ermənistanla Rusiya arasında münasibətlər hazırda gərgindir” - Azərbaycan bundan yararlanacaqmı?

ÖLKƏ
20:41 / 30.05.2020
1437

“Ermənistanla Rusiya arasında münasibətlər hazırda gərgindir, bu da Ermənistanın təhlükəsizliyinə təhdiddir”.

Moderator.az xəbər verir ki, bu fikri Tert.am-a verdiyi müsahibədə Ermənistan Respublikasının həyata keçirdiyi xarici siyasət barədə danışarkən Ermənistan-Rusiya universitetinin kafedra müdürü, fövqəladə və səlahiyyətli səfir Arman Navasardyan söyləyib.

"Rusiya ilə münasibətlərdəki gərginliyə son qoyulmalıdır, çünki hər hansı bir səhv Ermənistan üçün təhlükədir"- Navasardyan deyib.

Navasardyan hesab edir ki, Ermənistan diplomatiyası 1921-ci ildə bağlanmış Moskva müqaviləsinə ( Rusiya-Türkiyə arasında bağlanmış müqavilə nəzərdə tutulur. Ermənistan iddia edir ki, həmin müqavilədə Naxçıvan Azərbaycana “hədiyyə” edilib. Qars, Ərdəhan və başqa ərazilər isə Türkiyəyə verilib -red) yenidən baxılması üçün səy göstərməlidir.

“Türkiyə çox təhlükəli hala gəlib və pantürkist hədəflərini həyata keçirməkdə davam edir. Hətta, Çinə gedib çıxır. Ermənistan və Çin Türkiyəyə qarşı əməkdaşlıq etməlidir "-deyib.

Arman Navasardyanın sözlərinə görə, Ermənistanın xarici siyasət konsepsiyası yoxdur.

Redaksiyadan: Azərbaycan erməni siyasətçilərinin etiraf etdiyi bu gərginlikdən Qarabağın işğalına son vermək üçün yararlana bilərmi? Bu gərginliyi daha da dərinləşdirmək məqsədilə Njdenin heykəlindən, Paşinyanın babasının almanlara xidmət etməsindən deyil, daha strateji xarakter daşıyan və münasibətləri daha da gərginləşdirən siyasətə başlamalıdır. Gördüyünüz kimi ermənilər Çin və Türkiyə münasibətlərini pozmaq üçün Çinlə əməkdaşlıq etməyi planlaşdırırlar. Pandemiyadan sonrakı dövr qlobal geopolitik dəyişikliyi sürətləndirəcək. Ermənistan bu prosesə hazırlaşır-üzünü Qərbə tutub, mediası anti Rusiya yazılarla zəngindir. Azərbaycan Xarici işlər nazirliyinin başı “Nyu-York toynun” fəsadlarına qarışıb. Tezliklə bu vacib strukturun rəhbərliyində dəyişiklik edilməli, yeni siyasi kurs hazırlanmalı və Qarabağın işğaldan azad edilməsi siyasi gündəmə çevrilməlidir.

0
Moderator.az