Son günlərdə daha bir faciəvi hadisə qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində 5 yaşlı uşaq kənd ərazisində olan su anbarına düşərək boğulub. Bu cür acı olaylar su hövzələri və anbarların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Çünki bənzər hadisələr zamanla müşahidə olunub.
Onu da nəzərə almaq lazımdır ki, su anbarlarının açıq vəziyyətdə qalması həm gigiyenik, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır və belə şəraitdə müxtəlif təhlükəli halların baş verməsi qaçılmaz olur. İlk olaraq açıq və qorunmayan su hövzələri xüsusilə uşaqlar üçün ölümcül təhlükə mənbəyinə çevrilə bilər.
Eyni zamanda, bu ərazilərin lazımi şəkildə hasarlanmaması, xəbərdarlıq nişanlarının olmaması və ya nəzarətsiz qalması faciəvi nəticələrin baş vermə ehtimalını artırır.
Bundan əlavə, açıq su anbarları ətraf mühitin çirklənməsinə, suyun keyfiyyətinin pisləşməsinə və müxtəlif infeksiya risklərinin yaranmasına da səbəb ola bilər.
Bu səbəbdən belə obyektlərin mütəmadi nəzarətdə saxlanılması, təhlükəsizlik çəpərləri ilə əhatə olunması və ictimaiyyət üçün risklər barədə maarifləndirmənin aparılması olduqca vacibdir. Gələcəkdə bədbəxt hadisələrin baş verməməsi üçün qeyd edilən sahə nəzarətə götürülməlidir.
Günel Cəlilova


